İyulun 2-si Bakıda bir qrup adam aksiya keçirib. Onlar bildiriblər ki, Gədəbəyin Söyüdlü kəndində polisin sakinlərə etdiyi zorakılıq və həbslərə etiraz edirlər. Paytaxın Fəvvarələr meydanında keçirilən bu aksiyaya polis müdaxiləsi olmayıb.
Etirazı xaricdə yaşayan azərbaycanlı fəalların təşkil etdiyi iddia olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev özünün facebook səhifəsində yazıb ki, təyin edilsə də sözügedən aksiya heç kim tərəfindən dəstəklənməyib.
"Bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi"-Elşad Hacıyev yazıb.
Xatırlatma
İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib.
Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub.
Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradıldığı açıqlanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir