Teymur Kərimov həbs edilib

Teymur Kərimov

Dekabrın 12-də Kanal 11 internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində Nərimanov Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə vəkil Nemət Kərimli “Turan”a məlumat verib.

Onun sözlərinə görə, o, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirib.

Yaxınlarının deməsinə görə, isə T.Kərimov saxlanandan sonra fiziki təzyiqə məruz qaldığını bildirib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

T.Kərimov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. O, dekabrın 11-də saxlanıb.

'Kanal 11'in rəhbəri saxlanıb

"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovu polis əməkdaşları saxlayıb. Onun barəsində hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Turan"a məlumatı təsdiqləyib.

Əlaqə saxlamaq mümkün olmur

"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovdan dekabrın 11-i səhər saatlarından xəbər almaq mümkün deyil.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların sözlərinə görə, axırıncı dəfə T.Kərimov ilə saat 12 radələrində əlaqə saxlamaq mümkün olub: "Bundan sonra onun telefonuna zəng çatmayıb. Özü də evə və dostlarla təyin olunmuş görüşə gəlməyib".

Yaxınları onun saxlandığını düşünür.

"Kanal 11" internet televiziyasının yaydığı bəyanatda da T.Kərimovun saxlanıldığı güman edilir. Bu, onun peşə fəaliyyəti ilə izah edilir.

Azərbaycanda son bir ayda beş jurnalist həbs edilib. Onlar qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə günahlandırılsalar da, həbslərini peşə fəaliyyətləri ilə izah ediblər. Hərçənd rəsmilər tez-tez ölkədə söz və mətbuat azadlıqların qorunduğunu vurğulayırlar.