Martın 17-də Bakıda prezident İlham Əliyevin Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.
Daha sonra onlar mətbuata bəyanatlar veriblər.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.
İ.Əliyev Qarabağ münaqişəsinə toxunaraq əlavə edib ki, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib: "Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik... Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq".
NATO baş katibi isə deyib ki, onlar tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirlər: "Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə sizi dəstəkləyirəm".
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
NATO baş katibi habelə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirdiyini bildirib. O, Azərbaycana Ukraynaya humanitar yardımlarına görə təşəkkür edib.
Martın 17-dən 19-dək NATO-nun baş katibi Y.Stoltenberq Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. O, Bakıdan Tbilisiyə getməlidir.
Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.