S. Həziyev: «Mənə hücum həmkarlarıma qarşı olan cinayətlərin davamıdır»

Seymur Həziyev

«Mənə qarşı baş verən hadisə bundan əvvəl həmkarlarıma qarşı olan cinayətlərin davamıdır».

Bunu «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev martın 29-da «Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun!» adı altında keçirilən ictimai forumdakı çıxışında bildirib.

Jurnalist hakimiyyətdən cinayətkarların tapılıb məsuliyyətə cəlb olunmasını da tələb edib:

«Cəmiyyət bilməlidir ki, bu işlərin məsuliyyəti birbaşa siyasi hakimiyyətlə bağlıdır. Bu məsuliyyətin altından çıxmaq üçün bu və bundan əvvəlki cinayətlərin üstü kompleks şəkildə açılmalıdır».

S. Həziyev martın 26-da gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlandığını və döyüldüyünü bildirir.

Martın 28-də Daxili İşlər naziri Ramil Usubov hadisə ilə əlaqədar DİN İstintaq İdarəsinin nümayəndəsinin iştirakı təhqiqat aparılmasını tapşırıb. Baş prokuror Zakir Qaralovla razılaşdırılaraq, istintaq qrupuna Baş Prokurorluğun nümayəndəsi də daxil edilib.