Hikmət Carçılı ORHUN "Mismara oxşayan güllə" (Hekayə)

Biz ailəlikcə yığılıb Muradxan dayını, atamın əmisini ziyarətə getmişdik.

Uzun zamandan bəridir yataq xəstəsi olan Muradxan dayı oğluna, oğlu da qonşumuzdan onun ismarıcını atama çatdırmışdı ki, ona de, bu gündən sabaha ümid yoxdu, bir məni gəlsin görsün.

Biz onlardan elə də uzaqda olmurduq. Amma atamın işləri çox olurdu, həm də uzun zaman bundan qabaq atamla aralarında kiçik bir münaqişə olmuşdu ona görə də danışmırdılar.

Atam kinli adamdı, ona görə də anam desə belə get bir əmini yoxla getmirdi. Ancaq bu ismarıc lap yerinə düşmüşdü. İndi gəlmişdik onu ziyarətə.

Burada bizdən başqa adamlar da vardı. Hər kəs həyətdə oturub gəlmişdən keçmişdən söhbət edirdi.

Əsas da Muradxan dayı yenə ötüb keçən ikinci dünya müharibəsində keçirdiyi günlərini xatırlamış və qapısına gələn qonaqlarını salmışdı çənəsinin altına, o yandan, bu yandan, cəmi bircə gün döyüş bölgəsində olsa da, saysız-hesabsız döyüş səhnələri, yalan-doğru ən maraqlı hadisələri nəql edirdi.

Qonaqlar da doğru olub olmadığını bilmədiyi bu maraqlı söhbətlərə canla-başla qulaq asırdılar.

Muradxan dayı bir söhbəti dönüb-dönüb beş kərə deyirdi. Artıq altıncı dəfəsiydi ki, indi sizin də bəndəniz vasitəsiylə xəbərdar olacağınız bir hadisəni danışırdı.

“Müharibə başlayanda mən Qazax Qori müəllimlər seminariyasının dördüncü kursunda oxuyurdum.

Və müharibə başlar-başlamaz mənə “pavıska” gəldi. Hamı kimi mən də istəsəm də, istəməsəm də müharibəyə getməli oldum...

Mənim atam 37-ci ildə güllələndiyindən mən əmək “batalyon”unda Vətənə xidmət etməli idim. İşlərin yaxşı getdiyi, canımızın sağ olduğu, kefimizin saz olduğu günlərdən biriydi.

Birdən əmr verildi ki, əmək “batalyon”unda kim varsa, hamı düzülsün sıraya. Bu ona görə idi ki, bizi döyüş bölgəsinə aparacaqdılar...

Məni orada bir qoca erməni xilas etdi müharibəyə gedib ölümlə göz-gözə dayanmaqdan.

Düzdür, sonra bir günlük də olsa müharibəyə getdim, ancaq mən canımın sağ qalmasını o erməniyə borcluyam..

Ölübsə, allah rəhmət etsin, yaşayırsa, allah canına dəyməsin. görüm onun övladları min budaq olsun!”

Muradxan dayının söhbətinə qulaq asan hamı onun erməniyə etdiyi bu dualara təkan verirdilər.

-Amin! Amin!

-Əlbəttə, Muradxan dayı!

-Bənədi, Muradxan əmi!

-Ay sağ ol, Muradxan!

Bu sözləri deyən Muradxan doxsanıncı illərdə öz elindən-obasından didərgin düşmüşlərdən idi, elə onun yanında durub onun dediklərini təsdiqləyənlər də.

Ancaq indi bunların qalxıb bir erməniyə dua oxumaları məni yamanca təəccübə salmışdı.

Erməniyə dua oxumaları bir yana dursun, yəni bəcəhənnəm onun övladlarının “min budaq” olmasını arzulamaları məni lap dəhşətə gətirdi əməlli-başlı. “Necə yəni “min budaq” olsun? Axı, “min budaq” olunca bunlar bizim kökümüzü qazıyacaqlar, anamızdan əmdiyimizi burnumuzdan gətirəcəklər.

Axı, bu əclaflıqdır, bu Vətənin qarşısındakı övlad borcunu unutmaq, öz həyatını Vətənin, Vətənin övladlarının mənafeyindən üstün tutmaq deməkdir...” istədim münasibət bildirəm.

Ancaq mən düşüncələrimdən ayrılanda gec idi, söhbət başqa yöndə davam edirdi.

Söhbət uzun çəkdi. Hərə bir tərəfdən danışırdı, yaşadığı ömürdə gördüyü cürbəcür maraqlı-maraqsız hadisələrlə başlarını qatırdı.

Maraqsız demiş, tək Muradxan dayı deyil, elə onun yanına gələn başqaları da elədiyi söhbətin qarşısındakı insanın diqqətini çəkib çəkmədiyini düşünmürdülər.

Və and içə bilərəm ki, onların heç birinin etdiyi söhbətlər bir-birinin marağında deyildi, bir-birini candərdi dinləyirdilər yəni.
Hə, mən sizə başqa bir şeydən danışasıydım.

Bir az sözüm uzandı deyəsən. Əslində etdiyimiz bu söhbətin əsas məsələyə qram da dəxli yoxdur. Nədən danışdım bilmirəm. Yəqin günahımdan keçərsiniz.

Bəli, biz Muradxan dayının yanına onu ziyarətə getmişdik. Söhbətin qızışan vaxtında birdən talvarın altından bir dəhşətli səs gəldi.

Muradxan dayı “Erməni gəldi allah saxlasın!” deyib, “Kimiydi söhbətimizi kəsən, o nəydi elə?” soruşdu həyəcanla.

Hamı qorxmuşdu bu səsdən və hamı Muradxan dayını tək qoyub, əyləşdiyi süfrənin arxasından qalxıb tez səs gələn yana qaçdı.

Səs nazik idi. Ancaq bu nazik səsin gücü qulaq deşirdi. Eynən iki dəmiri bir-birinə döyəndə çıxan güyültü kimi. Ancaq heç kim bu səsin nə olduğunu bilmirdi.

O ana qədər ki, gedib evin beş yaşlı körpəsini üzüqoylu yerə uzanmış halda görüncəyə qədər.
Körpəni bu halda görən hər kəsin ürəyi bir qədər də sürətlə vurdu.

İlk olaraq ağıla gələn körpənin ölmüş olması oldu. Anası göz yaşını axıtdı və qabağa yüyürüb onun başını qollarının arasına aldı. Körpənin atası da irəli getdi.

Həyəcanla övladını nəbzini yoxladı. Yan-yörəsinə baxdı və bir kiçik beş qırx beş gülləsinin gilizi gördü kötüyün üzərində.
Körpə deyəsən babası Muradxan kişinin cəmi cümlətanı bircə günlük gördüyü döyüş bölgəsindən gətirdiyi gülləni çəkiclə kötüyə çalmaq istəyirmiş.

Mən belə düşündüm ki, bu an güllə açılıb və körpə qorxudan özündən gedib.

Atası körpənin nəbzini yoxlayandan sonra gülümsündü və mənim düşündüklərimi sanki gözlərimdən oxuyurmuş kimi ətrafda dayanıb, səbrsizliklə nə baş verdiyindən hali olmaq istəyənlərə çatdırdı.

-...Çox şükür, heç bir şey yoxdur. Nəbzi vurur. Bir balaca qorxub – dedi.

Uşaq ayılanda qulaqları tutulsa da, əllə-qolla “yaxşısanmı”,“necəsən”deyə həyəcanla soruşduqlarımızı başa saldıqdan sonra bizə atasının və mənim düşündüyüm şeyi çatdırdı hamının diqqətinə.

Hamı körpənin ilan boğan halına gülümsündü...

Bu hadisədən sonra körpənin qulaqları bir həftə eşitmədi.

Və körpə qulaqları eşidəndən sonra verilən sualları daha dəqiq anlayıb, daha dəqiq danışdı hadisəni, qulaqları eşitməyəndə anasının gözlərindən gələn yaşı görürdü sadəcə, indi həyəcanlı, titrək səsini eşidib necə qorxulu bir iş gördüyünü anladı.

O gülləni mismar sanmışdı, güllə isə güllə olduğunu isbatlamışdı ona.

Və o körpə hər mismar görəndə qorxusundan qaçırdı.

Halbuki, atasının dediyinə görə həmişə çəkiclə oynamağı sevərdi; mismarı taxtaya çalardı, heç kim ala bilməzdi onun əlindən çəkici, qulağı tutulub açılandan sonra isə çəkic görəndə qutuda ilan görürdü elə bil...

Və sonda gələk Muradxan dayıya. Ona da yeni bir mövzu qazandırmışdı nəvəsi. Bütün olanlardan sonra o qapısına gələn qonağa bu hadisəni danışırdı.

“Müharibədən qayıdanda mən özümlə bir kiçik güllə gətirmişdim cibimdə. Bu yaxınlarda kiçik nəvəm Ayxan onu mismar bilib...”

2011 fevral