"BP-Azerbaijan" şirkəti məhkəməyə verilib

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sorğularına ətraflı cavab vermədiyi üçün “BP-Azerbaijan” şirkətini məhkəməyə verib.

Turanın müxbiri ilə söhbətində Qəhrəmanlı deyib ki, BP şirkətin rəhbər orqanlarında yerli kadrların sayı, podratçılar və subpodratçılar, habelə işə qəbulda iştirak edən vasitəçi firmalar haqqında məlumatları gizlədir.

O, şirkətin işə qəbul siyasətini də tənqid edib.
Mirvari Qəhrəmanlı hesab edir ki, “BP-Azerbaijan” bu məlumatları gizlətməklə, informasiya əldə etmək azadlığı haqqında qanunu və Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Strategiyasının müddəalarını pozur.

“BP-Azerbaijan” şirkətinin şəffaflıq və hesabatlılıq üzrə mütəxəssisi Ayla Əzizova isə Turana bildirib ki, Qəhrəmanlının sorğularına cavab verilib.

Bundan başqa, onu maraqlandıran məlumatlar şirkətin saytında yerləşdirilib.

Əzizova qeyd edib ki, podratçılar və subpodratçılar haqqında məlumatlara gəldikdə bu daxili informasiyadır.

İşə qəbula gəlincə, isə Əzizova qeyd edib ki, bu proses şəffaf şəkildə aparılır və vakansiyalar barədə bütün məlumatlar şirkətin saytında yerləşdirilir.

Mirvari Qəhramanlı şirkəti Səbael rayon məhkəməsinə verib.