YAP-ın 2 aprel mitinqi barədə dedikləri, AXCP sədrinin evinin qarşısında aksiya və...

Mətbuat icmalı

Aprelin 1-də nəşr olunan qəzetlər Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyadan, 2 aprel öncəsi gənc fəalların həbsindən, Prezident İlham Əliyevin Sabunçu və Suraxanı rayonlarına səfərindən yazıb.

«Yeni Azərbaycan» qəzetində «AZƏRBAYCAN GƏNCLİYİ ƏLİ KƏRİMLİ KİMİ TƏXRİBATÇILARA «YOX» DEYİR» başlıqlı yazıda AXCP sədrinin evinin önündə keçirilən aksiyadan bəhs edilir. Qəzet yazır ki, Daxili İşlər naziri Ramil Usubov vətəndaşları icazəsiz mitinqlərə qoşulmamağa çağır.

Qəzet «AZƏRBAYCAN MÜXALİFƏTİNİN RADİKAL QANADI MİTİNQ ŞOUSU YARATMAQ İSTƏYİR» başlıqlı yazıda isə YAP icra katibinin müavini Mübariz Qurbanlı ilə müsahibəsi dərc olunub:

«Əminəm ki, aprelin 2-də müxalifətin radikal qanadının növbəti mitinq şousu fiaskoya uğrayacaq və istədiklərinə nail ola bilməyəcəklər. Martın 11-də və 12-də də biz demişdik ki, Azərbaycan cəmiyyəti buna dəstək verməyəcək».

«Azadlıq» qəzeti «İLHAM ƏLİYEV QƏZZAFİNİN YOLUNU TUTDU. ƏLİ KƏRİMLİ HAKİMİYYƏTİ DƏLİ EDİB» başlıqlı yazıda tələbələrin siyasi alət kimi istifadə edildiyini yazır. Qəzet bəzi tələbələrin aksiyaya zorla gətirildiyini qeyd edir. Aksiyaya münasibət bildirən Əli Kərimli deyib ki, səviyyəsiz aksiyalar bizi yolumuzdan döndərə bilməyəcək:

«İlk növbədə bu onun göstəricisidir ki, hakimiyyət son proseslərdən narahatdır. Bu cür cılız aksiyalarla hakimiyyət heç nəyə nail ola bilməyəcək».

«Yeni Müsavat» qəzeti müxalifətin Mətbuat Şurasına müraciətindən yazır. Bildirilir ki, iqtidar nəzarətində olan qəzetləri söyüş maşınına çevirib. Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu bildirib ki, hakimiyyət qəzetlərinə dair obyektiv qərarlar çıxarmaqda Mətbuat Şurasının imkanları məhduddur.

Mətbuat Şurasının katibi Rəhim Hüseynov isə monitorinqlərin davam etdiyini deyib.

«Bizim Yol» qəzeti «REKTOR DEPUTATIN İTTİHAMLARINI CAVABSIZ QOYMADI» sərlövhəli yazıda bildirilir ki, Abel Məhərrəmov Fəzail Ağamalının açıqlamasını ciddi hesab etmir.

A. Məhərrəmov deyib ki, F. Ağamalının BDU-nun Hüquq fakültəsinə tələbələrin yüksək rüşvət müqabilində qəbul olunması barədə fikirlərinin Universitetə aidiyyəti yoxdur, bu fikirlər TQDK-ya ünvanlanıb.

«ÖLKƏMİZDƏ NƏYİSƏ DƏYİŞMƏK ÜÇÜN NƏ RADİKAL MÜXALİFƏTİN, NƏ DƏ KƏNAR QÜVVƏLƏRİN GÜCÜ YETƏRLİDİR». Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Müsahibədə «Azərbaycanı daim yeniləşdirən, dinamik inkişaf etdirən, beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən yeganə qüvvə İlham Əliyev hakimiyyətidir» deyə qeyd olunur.