«Gülməli şey o qədər çoxdur ki, adamın ağlamağı gəlir»

İlham Namiq Kamal

1 aprel - Gülüş Günüdür.

Bu münasibətlə Azərbaycanın xalq artisti İlham Namiq Kamalla söhbət edəsi olduq.

- İlham müəllim, Sizcə, Azərbaycan əhli lazımınca gülə bilir, ya yox?


- Belə baxanda, istər Gülüş Günü olsun, istər yox, gülüş hamıya aiddir. İndi kim nəyə görəsə gülür, kim də nəyə görəsə gülə bilmir. Bunun da təqsiri sənətçilərdə deyil.

- Amma ümumiyyətlə, gülməli bir şey varmı?

- Əlbəttə ki, var. Diqqətlə baxsaq, ətrafda gülməli şey o qədər çoxdur ki, adamın ağlamağı gəlir.

- Nə etməli ki, bu gülüş xoş ovqat yaradan həddə qalsın və ağlamaq dərəcəsinə çatmasın?


- Xoş ovqat olması üçün, mənə belə gəlir ki, ətrafdakı bu məzhəkələri, sirk proqramlarını yığışdırmaq lazımdır.

- Bəs əvəzində nə təklif etmək?

- İnsani münasibətlər.

- İndiki dövrdə insani münasibətlər nə dərəcədə işləkdir?

- Məncə, təbii adamlarda insani münasibətlər olur. Qeyri təbiilərdə, səviyyəsizlərdə isə insani münasibətlər az olur. M.Ə. Sabirin şerlərini xatırlayaq. Deyir: «bir bölük boş boğazıq, heyvərəlik adətimiz».

- Sizcə, bugünkü Azərbaycan adamının əhvalı gülməyə, ağlamağa, ya sadəcə sakit dayanmağa daha yaxındır?

- Mənə belə gəlir ki, sakit dayanmaqla yanaşı gülmək də, ağlamaq da lazımdır. Şaqqanaq çəkib gülmək də lazımdır. Buna vitamin C deyirlər. Adam da var göz yaşı tökəndə, gözləri daha işıqlı olur. Dünyaya daha işıqlı gözlə baxır. Ona görə GÖZ YAŞI DA LAZIMDIR, GÜLÜŞ DƏ.

- Azərbaycanda hansı təbəqə daha gülərüz təsiri bağışlayır - yaşlı, orta, ya körpə nəsil?

- Əsasən dünyanı qavrayan insanlarda yumor hissi güclü olur. Dünyanı qavramayan insanlar nəinki gülüşün, heç ağlamağın da nə olduğunu bilmirlər. O elə robot kimi gedir, gəlir, gəlir, gedir.

- Bugünkü dünya nə dərəcədə qavranılandı?

- Özün kamilsənsə, dünyanı da kamil qavrayacaqsan. Kamil deyilsənsə, dünyanı necə qavramaq olar?

- Kamildirmi Azərbaycan əhli?

- Mənə belə gəlir ki, AZƏRBAYCANLILAR KAMİL OLMALIDIR. KAMİL OLMASA DA, GEDİB ZƏNG EDİB KAMİLİ TAPMALIDIR.

- Kütləvi etirazlar baş verən ərəb ölkələrindəki camaatı güldürmək üçün nə etmək lazımdır?

- Vallah mən orada tamaşa oynamamışam. Ona görə deyə bilmərəm. Amma ora qastrol olsa, qayıdandan sonra onlar haqqında öz fikrimi deyərəm.

- Belə bir qastrol səfəri ola bilər?

- Bu sırf inzibatçıların işi olduğu üçün dəqiq bir söz deyə bilmərəm. Əvvəllər qastrollar tez-tez olardı. Düzdür, ərəb ölkələrinə yox, başqa yerlərə. İndi bəlkə elə oralara da olacaq. Allah eləsin.

- Son vaxtlar daha çox ərəb ölkələrindən bura nələrinsə transfer olacağından danışırlar. Bu inandırıcıdır, ya gülüncdür?


- Vallah nə deyim. Mənim belə çox dərin məsələlərə dərindən baxmaq fikrim yoxdur.

- Onda biz Sizə dərindən gülmək və güldürmək arzulayıram.

- Mən də hər bir azərbaycanlının üzündə təbəssüm arzulayıram. Qoy gülsün, amma qəşş eləməsin. Unutmasın ki, böyük sənətkarımız Əliağa Ağayev qəşş eləyəndə, rəhmətə gedib.