İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Prezident İlham Əliyev (solda) Bakıya səfərə gələn Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşılayır, 18 noyabr 2010

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanda bazar günü keçirilən prezident seçkisinin qalibi elan edilmiş Nursultan Nazarbayevə təbrik məktubu göndərib. Məktubda qeyd edilir ki, “Sizin seçkilərdə qələbəniz Qazaxıstan xalqının Sizə yüksək etimadını, Sizin həyata keçirdiyiniz, dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər aparılmasına yönəlmiş fəaliyyət xəttinizi xalqın dəstəklədiyini təsdiq etdi”.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nursultan Nazarbayev bazar günü keçirilən seçkidə 95, 5 faiz səslə qələbə qazanıb. Seçkinin rəsmi nəticələri aprelin 9-da elan olunacaq.

Nursultan Nazarbayev artıq 20 ildir Qazaxıstana rəhbərlik edir.

ATƏT-in müşahidəçiləri bu qənaətə gəliblər ki, bu seçkidə də əvvəlki illərin seçkilərində buraxılan səhvlər yenə də təkrar olunub. Missiyanın rəhbəri bildirirb ki, bu seçki daha yaxşı keçirilə bilərdi və əslində daha yaxşı da keçirilməli idi. Amma Qazaxıstanda ədalətli seçki keçirilməsi üçün ciddi islahatlar aparılmalıdır.