Niyə Avropada bizə yox, gürcülərə heyran olurlar?

Almaniyada yaşayan azərbaycanlı alim ZAUR QASIMOV Azadlıq Radiosunun "Pen klub" verilişində açılan müzakirəyə qoşuldu.


Azadlıq.org saytının təşkil elədiyi “Dil və ədəbiyyat” müzakirəsinə maraqla qulaq asdım.

Özüm ədəbiyyatşünas olmasam da, bəzi məsələlərə aid fikrimi söyləmək istərdim.

Diskussiya iştirakçılarının “ədəbiyyatımız həqiqətimizi dünyaya çatdırmalı...” və ya “məhz ona görə rus dilində yazmalıyıq” kimi ifadələrinin dəfələrlə söyləməsi məni biz növ çaşdırdı...

“Həqiqəti” dünyaya çatdırmaq yəqin diplomatların və xəbər agentliklərinin işi olmalıdır, ədəbiyyatın yox.

Dünya hansısa bir ədəbi əsərdə həqiqətimi oxumaq istəyir, ya estetik gözəlliklə və özünəməxsusluqla təmasda olmaq, ondan bəhrələnmək, zənginləşmək istəyir?

Uzun sözün qısası, məncə ədəbiyyat “dünyaya həqiqəti” çatdırmamalıdır, hər bir ədəbiyyat, elə Azərbaycan ədəbiyyatı da ümumbəşəri, bölgə, məhəllə və s. dəyərlərini və reallıqlarını təsvir edib, onları ədibcəsinə işlədib oxucunu “məlumatlandırmalıdır”.


"Sual yaranır: Niyə gürcü kinematoqraf insanları, Avropalıları valeh edir?

Niyə Umberto Eko Rustavelidən yazır?

Gürcüstanın axı “analoqu olmayan” körpüləri, yeni açılmış olimpiya kompleksləri yoxdur!!!"

Ədəbiyyat reallıq barədə həqiqətini – amma onu özü gördüyü kimi – yazmalıdır, sözün əsl mənasında.

Niyə Tolstoy tanınır? Niyə məhz Tolstoy və Nabokov Orxan Pamuku fəth ediblər?

Rus dilində yazdıqlarınamı görə? Deyəsən yox.

Tolstoy insaniyyət dəyərini, Rusiyada tapmadığı və görmədiyi azadsevərliyini, bir sözlə insani məxluqların asan, eyni zamanda isə mürəkkəbliyini yazdı.

Almanlar onu alman, fransızlar fransız, türklər də türk dilinə tərcümə ediblər.

Tolstoy Rusiyanın həqiqətini dünyaya çatdırmaq fikrində deyildi. Yasnaya Polyanada fəaliyyət göstərərkən yaşadığı cəmiyyətinin müsbət və mənfi tərəflərini, Rusiyalı qadın və kişi surətlərini yaratmışdır...

Nabokov rus və ingilis dillərində yazırdı. Bu umumiyyətlə nadir haldır ki, ədib iki dildə esseləri yox, məhz ədəbi əsərlərini yaratsın.

Amerikada bir nəçə il yaşamış dünya şöhrətli İstanbullu - Nabokovu mənimsəyib, tolstoyanə roman janrını da, Nabokovun provokativliyini də.

Amma bütün bunları özünəməxsuscasına...

Pamuk rus dilini öyrənməyib, ən azı tərcümeyi-hala bənzər “Manzaradan parçalar” kitabında bu barədə yazmır.

Pamuk türk dilində yazır, maraqlı və asan dil üslubunda.

İş yerimin yanında (Maynts şəhəri) yerləşən Quttenberq adına kitab dükanına girən kimi Orhan Pamukun və Elif Şafakın kitabları gözə çarpır.

İki ay öncə Varşavada ikən Varşava Universiteti Kitab Dükanında Orhan Pamuka hətta xüsusi bir rəf ayrıldığını gördüm... Aman Allah, niyə axı Adam Mitskyeviçin və Stanislav Lemin varisləri Orhan Pamuku oxuyurlar, onun hər bir əsərini tərcümə edib tənqid və tərənnüm edirlər?

O, Türkiyənin “həqiqətlərinimi onlara çatdırır”? Təbii ki yox! Pamuk İstanbulu, öz ən sevdiyi və tanıdığı şəhərini mətnləşdirib, onu semiotik baxımdan hərfləşdiribdir.

İstanbul onun yazıları ilə yekdil (və eyni zamanda çeşidli) bir mətnə çevrildi.

Kitabını oxuyan bir kəs həmin şəhərin dar küçələrini, Avropa stilində tikilmiş Bəyoğlu (keçmiş Pera rayonu) və digər yerlərini gəzməyə başlayır.

XİX əsrin sonunda fransız səyyah və yazıçı Pyer Loti Avropalı oxucusunu İstanbula və Qüdsə səyahətə göndərirdi, fəqət onun “İstanbulu” dərinliyi ilə yox, səthi təsviri ilə seçilirdi. Pamuk isə fərqlidir...

Rus dilində yazmaq ya yazmamaq sualı gülməlidir. Ən azı ədəbiyyat sahəsində.

Latın dilinə bələd Dante Aligyeri italyanca, fransızca gözəl danışan Göte almanca yazırdı.

Onlarçün məhz bu cür daha rahat idi. Florensiyada həyatını keçirən Dante İtalyan, Avropa və dünya ədəbiyyatının şairi sayılır.

Bəs Kafka necə? O, Praqada yaşayırdı, özü də 1918-ci ildə ilk dəfə yaradılmış Çexoslovakiya dövlətində nasir kimi fəaliyyət göstərmişdi, amma yazdığı dil alman dili idi.

Bunu anlamaq üçün Avstro-Macar imperiyasının dil və millətlər siyasətinə nəzər salmaq lazımdır (bu məqamda özümdə tarixçini susdurmalıyam!) “Proses” və digər əsərləri çex dilinə tərcümə olunurdu.

Eyni dövrdə Vyanada yaşayan Huqo fon Hofmanstal almanca yaradırdı, məhz bu dildə Münhendəki dostu-rəqibi Ştefan George ilə yazışırdı.

Amma Hofmanstal, Ştefan George (nasistlərin hakimiyyətə gəlişindən sonra İsveçrəyə mühacirət edib) və Frants Kafka almandilli ədəbiyyatının nümayəndələridir.

Azərbaycandakı nəsrində rusdillilik məsələsinə keçdikdən öncə bir məsələyə toxunmaq istərdim.

Post-kolonializmin, yəni müstəmləkəçilik dövründən sonrakı zəmanədə həmin cəmiyyətlər (Azərbaycanı həmin kateqoriyaya aid etmək olar) (milli) kimlik axtarışında vaqedir.

Bu cəmiyyətlər tipik sabiq perifiriyalardı.

Onlar hələ də sabiq metropoliyaya baxa-baxa hərəkət edirlər.

Bu bir növ kiçik uşağın davranışına bənzəyir. Hərdən ana-atasının sözündən hirslənsə də, onlarla sıx bağlıdır.

Mən demirəm ki, Rusiyanı Azərbaycanla bağlayan ana-uşaq əlaqəsidir, amma indiki Azərbaycan öz sovet keçmişilə hələ də vidalaşmayıb.

Bu baxımdan Azərbaycanı (Polşa, Gürcüstan və ya Macarıstanla yox) Əlcəzairlə və Afrika ölkələri ilə müqaisə etmək lazımdır.

Əslən Əlcəzairdən olan və Əlcəzairlə Paris arasında yaşayan Asya Cebbar adlı yazıçı fransızca yazır.

Eyni zamanda onun seçdiyi mövzular əsasən Əlcəzairlə və Məğrib ölkələri ilə bağlıdır.

O, öz romanlarında xeyli ərəb kəlmələrdən istifadə edir, onları ya fransızlaşdırır, ya da
Vladimir Nabokov
sadəcə latın hərfləri ilə yazıb mətnə daxil etdirir. Amma yazdığı dil fransız dilidir.

Bu gün Asya Cebbar müasir fransız ədəbiyyatının ən parlaq ulduzlarından biri sayılır.

Afrikada yazıçı və şairlərin bir qismi ingilis və fransız dilində, yarısı yerli dillərdə yazır.

Bundan bəhrələnən ingilis və fransız ədəbiyyatlarıdır, keçmiş müstəmləkələrdən tez-tez maraqlı impuls və yeni fikirlər çatır, təzə sintezlər təklif edilir.

Deyəsən bu proses qeyri-Avropa post-kolonial cəmiyyətləri üçün tipikdir...

Azərbaycanda yaradılan rusdilli ədəbi əsərlər beləliklə rusdilli ədəbiyyatının qoludur.

Əslində Azərbaycanı heç bir ölkə ilə müqaisə etmək istəməzdim...

Dünən axşam iki həmkarımla birlikdə Visbadendəki GoEast adlı Şəqri Avropa Kinofestivalın açılışında idim.

Post-Sovet məkanından ən çox film gətirildiyi ölkə Gürcüstandır.

Məhz gürcü filmləri elə bu il bir daha sözün əsl mənasında meydan oxudu.

Keçən il Otar İoseliani fəxri qonaq kimi dəvət edilib buyurmuşdur.

Sual yaranır: Niyə gürcü kinematoqraf insanları, Avropalıları valeh edir?

Niyə Umberto Eko Rustavelidən yazır?

Gürcüstanın axı “analoqu olmayan” körpüləri, yeni açılmış olimpiya kompleksləri yoxdur!!!

Haradandır onda bu ilham və ziya?...

Mədəniyyətdə, ədəbiyyatda özünəməxsusluq başlıca vacibdir: gürcü sənətçilərinə, rəssamlarına, yazıçılarına ilham verən köhnə Tiflisdir, bəlkə də gürcü pendiri və gürcü çörəyidir (puri), Kürlə (Mtkvari) Mtsxetadır, üzümlə Narikaladır.

Bəlkə də Tiflislərin dəlicəsinə sevdiyi qara rəngidir və gürcü dilidir. Hər halda nə beton, nədə yeni fabrik və zavoddur...

Zaur Qasımov, tarixçi (Maynts)