qürbət qaysaqları
adının böyründə pas tutmuş suçların üstüylə
qəribin bir axsaq günü də yeriyib keçdi –
yeridi yenə bir ayağı yalın
bir ayağındasa əsgər çəkməsinə oxşayan ürək
illərdi pəncərəsindəki şüşənin çatında
doğranır rüzgarların səs telləri
boğazları kəsilmiş notların qanı çilənir
daşa-divara oxuduqlarına
hərdən arxasını işığına çevirmiş ölü günlərin kəfənində
gül rəsmləri cızmaq keçir içindən
yazmaq da keçir: “ey Gül, göstər kərəmini,
ya məni də öldür buralarda
ya bahar haqda röyalara bir son ver...”
burda birçəyi ağacların biləyinə dolaşmış
əli ülgüclü qış küləklərindən
qəriblərin içinə doğranır şaxtaların çəhrayısı
gözlərin dibinə sərilmiş xalçalara tökülür qanı
polis dəyənəyindən çürüyən böyrəklərin
günəşin sevdası ən çox
səkiləri süpürən yabançıların
sızlayan əllərinin çatlarında kirlənir
bir muzdlunun heybəsindən qalxan qara çörəyin qoxusu
gecələrin başını kəsəndə
bayram eləyir
sözlərinin qırağında dəvətikanları bitmiş cənublular
qürbət zinakar bir qadına dönür asanca
çılpaq göbəyinin oymağında şərab içirtməklə
öldürəndə bərəkətlərin halallığını
kürən kipriyini qırpmaz da baxar
beləcə cavan qəriblərin qarışıq yuxularının damı damanda
dənəvər leysanlar boğulanda qarışqa yuvalarında
halallıq murdar bir nəsnəyə dönüb çıxar suyun üzünə
“ey Gül, göstər kərəmini...”
hər zaman uzaq anıların
mumiyalanmış meyitlərindən əsən
pətək qoxusu doldurmur gedər-gəlməzini üzülmüşlərin
odur ki sabahkı günün şəkərinə çırpılan arılar
bir ahu-zarda bağlarlar şanlarını çox vaxt
bir ayağı yalın
bir ayağındasa əsgər çəkməsinə oxşayan ürək
adının böyründə pas tutmuş suçların üstüylə
gün keçirkən axsaya-axsaya
qərib elə bilər yaşamına yalqızlığına ölümünə
dünyada işıqlı olan hər şeyin
könüllü sürgünü başlayır
sevinər
bir yaddaş çapığı
quş tutmaq sevdasıyla
çardağa dırmaşmış uşağın yalın ürəyinə
bir göyərçin ölüsünün qurumuş sükutu sancıldı qəfil
bir-bir nərdivandan geriyə yıxıldı
bir andaca gələcəyin
qanadları möhürlənmiş bayqın günləri
evə qayıdanda
gözləri yandıra bilmədi güzgüdə sönənləri
yuxusunun üzünə çəkilmiş hörümçək torunu
bıçaqladıqca ağlayırdı qupquru bir kölgə
qırx dərəcə qızdırmanın tavanında
göyləri boşaltmaq üçün
öldürürdülər dünyanın bütün quşlarını
sındırırdılar bütün uşaqlarını birnəfəsə
ağıtlar içində qocalmışdı anasının ağ çarşablı səsi
hələ də bu adamın
içinin daş dövrü sevgilərinə açılanda gözləri
ödünün suyu damır sabahlarına
yalın ayaqlarına baxır darıxanda
çünki yalın ayaqlarına baxanda
uşaqlığına daha asan qayıdır adam
qondurur onlara qanadı qıfıllı xatirələri –
çünki ömrün nərdivanlarında
gah həmən quş ölüsünün qurumuş sükutuna çırpır
gah uşaqlığın çardaqlı günlərinə toxuyur özünü onlar
ahından sədəqə də verir indi
yaddaşının qapısında oturmuş dilənçi əzablara
amma o günü yaşayanda
tavandakı işığın get-gedə tükləşən üzünə sıçramır daha
yırtılmış ürəyindəkilər bir-bir
son nəfəs
babam can verəndə
fevral buz tutmuş gölməçələrdə çat-çat olmuşdu
uşaqlar çubuqla döyəcləyirdi
çalada donmuş ay parçasının “ölüsünü”
babam can verəndə
son nəfəsinin xırıltısıyla
çocuqluğumun bütün budaqlarını mişarladı –
birdən-birə məndən
budanmış dünyanın əlləri üzüldü allı-bəzəkli
fevralın çat-çat olmuş qucağına
uşaqların çubuğunun altına düşdüm elə bil
ay parçasını qucaqlayıb hönkürdüm sanki donmuş çalada
anam “sus…” dedi “axı sən yekə kişisən…”
susdum və altı yaşım olsa da inandım ki yekə kişiyəm
çünki anamın gözlərində buludlara girən
məndən qat-qat böyük heykəlimi gördüm qəfil
dəfn günü
ovuclara çilənən gül suyunda ətirlənmiş salavatlar
biryolluq üzünü örtdü şəkilli uşaqlığımın
indi illərdi
fələyin qəssab çapacağına oxşayan hökmü
bülöv daşına dönmüş alnımda ovxarlanır
həm də o son nəfəsin səsini xatırladır mənə
çöllərdə günəşi örtən humay quşların
qanadlarından yıxılmağımı uydururam kətana
yalquzaqların ciyərlərində çiçəkləyən
qan iyindən diksinməyimi çəkirəm şeirə
içimdəki zindanın divarlarına
diri-diri hörürəm yaşam dastanlarımı
amma o son nəfəsin
düyününü çözə bilmirəm
onsuz da gələn boş çuvalla gəlir
boş da gedir bu bazardan
məndən də bir yırtıq çuval qalar
dibində üç-dörd tozlu kitab
gec də olsa yaşamaq istədiyim
uşaqlığım adına bir çözümsüz düyün qalar
nəvəmi düşündürməyə bir fevral günü
üstünə quşların lələyi tökülmüş
müəmma dolu bir ölüm qalar
buz tutmuş çalada uşaqlar döyəcləyər çubuqla
donmuş surətini onun
sınan cadular
yuvalarından yıxılan qanadları tüklənməmiş günlərin
sarıca dimdiklərində
heç vaxt oxunmayacaq iflic nəğmələrik biz
doğuşu tərsinə gəlir insafsız yazıların
cadusu murdarlanmış cahan sevdasını
sətir-sətir təzələyir küfrün yağmurları çünki
papağına lələk taxmış ağ atlı cəngavərdi Söz
Gülün fərmanıyla qurudur ələmləri
şeirin qan daman tüstülərinin içindəki göyərçinlər
havanın paklığını daşıyır göyün ağrısından kitablara
əzbəri pozulmuş adamlar qurtulduqca
Canın Yazı Taxtasında sınan caduların əqrəb sürüləri
nizamsızlıq içində ölür
* * *
üzümüzə təbəssümlər yamamaqla
dünyadan tarçıxını götürür bu yaz səhəri
üfüq sularında böyrü üstə uzanmış ağca buludlar
dənizin şeytan sürüsünə oxşayan
körpə ləpələrini əmizdirir
günəşin doğan yerində
qanadlarının ucu yanmış küləklər
gah suya çırpır özünü gah Sözə təpilir sızıltıyla
adəmin palçığını yoğuran fələk
Sözün Bulağında əllərinin lilini yuyur içimizə
* * *
divara yazmağa bircə kəlmə Söz qalıb
kömürün tozuna bulaşar deyə yazan yoxdu onu
odur ki qamışın çərtməsindən havalanır sirr olan gerçək
suyun üzündə – gül tozu
astarında – yosun
durula bilmir vurulanda bayraqqarışıq yıxılan adamın eşqi
yoxsa yazdır deyə quşların ən ürkəyi
iskəndərin buynuzları arasına
qorxmadan çöp daşıyardı yuva qurmaq üçün
heç nə vəd eləmir bu kahin görkəmli gecə
səssizlik oyur-oyur deşir qaranlığı
heç nə vəd eləmir bu kahin görkəmli gecə
çarəsizliyin küçəsindən keçməyə gücün çatmır belədə
ölüm yarasalarının səssiz gərdişindən
qulaqları batır yalqızlığının
olmuşların küfrlə geriyə qayıdacağını düşünürsənsə
məhrəm olmayanlarla sənin aranda
demək qılınca dönməmiş tövbən əsla
oxunmuş duaların üstünü örtmüş Gül ləçəklərinə
küləklərin niyə heç zaman toxunmadığını bilmirsən
sən hələ də dolu patronların atəşdən sonra gilizə döndüyünü
və bir də dolmaq şansını itirmədiyini anlamaqda zorlanırsan felən
atəşlər olacağını hələ də atəşlər olacağını hədəfdə can cizgiləri
Gül rəsmi və toranlarda
isti-isti bir zühur olacağını dərk etmədən ağlayırsan
bilirsən zavallı olmaq məsum olmaq deyil hələ
oxumursan neçə illərdi içindəki oyur-oyur sükunəti
haqdan gəlməyən bütün cansız sözlərin
dərgahlara ayaq döyməkdən dabanları yeyilib artıq
amma səsin didərginliyinə can dözməz bilirsən dözməz
buna görə də məsələn qarabağda səs yiyələri
ipək yaylıq misallı səslərini görünür oralarda
qocaman ağacların budaqlarına bağlamışlar köçürkən
indi o səslərin yan-yörəsindən güllələr çovuyanda
burda qapısı taxtalı umudlarımızın yuxusuzluğundan qan açılır
oxuya bilmirsən oyur-oyur ovcuna damcılayan göz yaşlarını
səssizlik eləcə deşir qaranlığı
heç nə vəd eləmir bu kahin görkəmli gecə
səni düşünəndə - göyün üzünü
özümü düşünəndə yaşamı düşünürəm oyur-oyur
sən hələ də göyün üzü qədər qaranlıqla işığa oynayırsan
yaşamsa o qədər adiləşib ki
sakitcə ölüb gedənlər elə bil dünyadan yox
başmaq seyrindən qayıdırlar qeybə.