Neftin dövlət büdcəsindəki baza qiyməti 80 dollara qaldırılacaq

2011-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 60 dollar nəzərdə tutulub

Azərbaycanın 2011-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar ilkin hesablamalarda neftin baza qiymətinin 80 ABŞ dolları/barel səviyyəsinə qaldırılması təklif olunur.

Bu barədə «APA»ya Maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.

Qeyd edək ki, 2011-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 60 dollar nəzərdə tutulub. Artıq aprel ayı ərzində müvafiq sənəd parlamentə təqdim olunacaq.

MİNİMUM ƏMƏKHAQQI VƏ PENSİYALAR ARTIRILACAQ

Azərbaycanın 2011-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklərdə minimum aylıq əməkhaqqı və pensiyaların baza hissəsinin də artırılması nəzərə alınacaq.

Azər Bayramov deyir ki, prezidentin tapşırığına uyğun olaraq, büdcəyə dəyişikliklərdə Bakı və ətraf qəsəbələrin inkişafı proqramının maliyyələşdirilməsi məsələləri də əksini tapacaq.