Naxçıvanda beynəlxalq şahmat turniri keçiriləcək

Turnirin ümumi mükafat fondu 66 min 500 ABŞ dolları təşkil edir

Aprelin 23-dən mayın 1-ə qədər Naxçıvan Muxtar Respublikasında «Naxçıvan Open-2011» Beynəlxalq Şahmat Festivalı keçiriləcək. Festival keçmiş prezident Heydər Əliyevin anadan olması münasibəti ilə keçirilir.

Beynəlxalq turnir kişilər, qadınlar və veteranlar arasında olacaq.

Azərbaycan Şahmat Federasiyasından AzadlıqRadiosuna bildiriblər ki, turnirdə Vanq Yue (Çin), İvan Sokolov (Hollandiya), Fransisko Valyexo (İspaniya), Zoltan Almaşi (Macarıstan), İlya Smirin (İsrail), Yevgeni Meroşliçenko (Belarus) və başqaları mübarizə aparacaqlar.

Azərbaycanın beynəlxalq qrossmeysterlərindən Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli və qadınlardan ibarət milli komanda bütün heyəti ilə çıxış edəcək.

A və B kateqoriyaları üzrə təşkil ediləcək yarış İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Turnirin ümumi mükafat fondu 66 min 500 ABŞ dolları təşkil edir.