Qulu Məhərrəmli: «Ehtiyac jurnalistləri vurub sıradan çıxarır»

Qulu Məhərrəmli

«Təəssüf ki, bizdə media dediyimiz sosial institut faktiki olaraq təbliğat alətinə çevrilib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişində teleaparıcı, şərhçi Qulu Məhərrəmli deyib.

Onunla söhbətdən maraqlı fikirləri təqdim edirik:

- «Bir tərəfin mövqeyini ifadə edən mətbuat Azərbaycanda həddindən artıq çoxdur. Bu, da biabırçılıqdır».

- «Media öz funksiyasından xeyli kənarda dayanıb».

- «Çox təəssüf ki, Azərbaycanda dialoq havası yoxdur».

- «İnsanların əksəriyyəti belə düşünür ki, Azərbaycanda dəyişiklik, islahatlar olmalıdır».

- «Hakimiyyət tərəfdəkilər sanki çox qürurludur. ÖZLƏRİNƏ SIĞIŞDIRMIRLAR Kİ, ƏKS FİKİRDƏ OLAN İNSANLARLA OTURUB BU VƏ YA DİGƏR MƏSƏLƏLƏRİ ÇÖZSÜNLƏR».

- «Düşünülməmiş təbliğat notları çox vaxt əks-səda verir».

- «İnsanlar gördüyünə inanır, insanlar artıq təbliğata inanmır».

- «Bu televiziyaları yönləndirənlər də, rəsmi mətbuata bu mesajları verənlər də çox diqqətli olmalıdırlar».

- «Həbslər istənilən effekti vermir. Bunlar göz qorxutmur. Əksinə, insanlarda daha çox qıcıq yaradır. Daha böyük etiraz dalğası yaradır».

- «Mitinq dalğasından yaranan mesajlar lazım olan ünvanlara çatır».

- «Azərbaycan televiziyalarında və mətbuatında çoxlu sayda Azərbaycan ədəbi dilini bilməyən, dilin normalarına məhəl qoymayan insanlar var».

- «İctimai tribuna, qəzet, radio, televiziya sözlərin diqqətlə seçilməsini tələb edir».

- «Nöqsanları bilirdilər, bunun üçün etirazları gözləmək lazım idi? Nə üçün vaxtında tədbirlər görmürdülər?».

- «İDARƏÇİLİYƏ LƏYAQƏTLİ ADAMLARI GƏTİRMƏK LAZIMDIR».

- «Düşüncəsi geniş olan adam dünyaya bir az geniş baxmalıdır».

- «Hakimiyyətdə indi təmsil olunan bəzi istedadsız, iddialı, rüşvətxor, korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmaq mümkün deyil».

- «Azərbaycanda seçkilər həmişə ədalətsiz keçib. Azərbaycanda çox təəssüf ki, bu vaxta qədər hakimiyyət seçki yolu ilə dəyişdirilməyib. Azərbaycanda bu təcrübə yaransa, demokratiya üçün çox böyük impuls olar».

- «Ehtiyaclar bizim jurnalistləri vurub sıradan çıxarır. Biz çox istedadlı jurnalistlərimizi arzu olunmayan gəminin sərnişini kimi görürük. Bunlar mənim üçün faciədir».