Məhbus jurnalistin pulunun üstünə pul gəlsə də...

«HƏLƏ DƏ XƏBƏR YOXDUR»

«Avropa Şurasının Nazirlər Komitəsi qərar vermişdi ki, bu pul heç bir bağlı hesaba köçürülə bilməz, heç bir borca silinə bilməz. Ancaq hökumət tərəfindən hələ ki bir müsbət addım atılmayıb. Hələ də bir xəbər yoxdur».

Həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev deyir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərara əsasən Azərbaycan hökuməti tərəfindən məhbus jurnalistə ödənməli olan kompensasiyanı hələ də ala bilmir.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən Azərbaycan hökuməti həbsdə olan jurnalist Eynulla Fətullayevə 27 min 822 avro təzminat ödəməlidir. Hökumətsə ödəyəcəyi pulları məhbus-jurnalistin Beynəlxalq Bankdakı həbs qoyulmuş hesabına köçürüb.

Eynulla Fətullayevin vəkili Anar Qasımov deyir ki, məbləğ dondurulmuş hesaba köçürüldüyündən Eynulla Fətullayevin ailəsi həmin pulları əldə edə bilmir. Vəkil deyir ki, Avropa Məhkəməsinin qərarına görə, təzminat qərar çıxandan 3 ay ərzində Eynulla Fətullayevə ödənilməli idi. 3 aylıq müddət başa çatandan sonra Eynulla Fətullayevə ödənilməli olan məbləğin üzərinə faiz hesablanır.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev AzadlıqRadiosuna bildirib ki, Eynulla Fətullayevin dondurulmuş hesabına köçürülən məbləğin üzərinə bank tərəfindən heç bir faiz gəlmir. «O hesab cari hesabdır, cari hesabda olan pulun üstünə faiz gəlmir. Faiz depozitə qoyulmuş pulların üstünə gəlir».

1 İLƏ 0,78 FAİZ ƏLAVƏ

Vəkil Anar Qasımov da deyir ki, faiz yerli bank tərəfindən yox, qərarı Avropa Məhkəməsi çıxardığına görə Avropa Mərkəzi Bankı tərəfindən hesablanır. O, Avropa Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad olunması və ona təzminat ödənilməsi ilə bağlı çıxardığı 22 aprel 2010-cu il tarixli qərarına istinad edərək deyir ki: «Avropa Mərkəzi Bankında faiz dərəcələri rüblük, yarımillik və illik hesablanır. Əgər rüblük gecikdirmə varsa, 0,29 faiz, yarımillik gecikmədirsə 0,46 faiz, illik gecikdirmədirsə 0,78 faiz hesablanır. Eynulla Fətullayevin kompensasiyası ilə bağlı qərardan 1 ilə yaxın vaxt keçir. Bu da o deməkdir ki, bu 1 il gecikdirməyə görə məbləğin üzərinə 0,78 faiz hesablanmalı və üstəlik 3 faiz də əlavə edilməlidir».

Anar Qasımov deyir ki, hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasına dair öhdəliyi yerinə yetirməli və Eynulla Fətullayevə çatacaq pulun üzərinə hər hansı ödəniş, tələb qoymadan onun jurnalistə ödənməsini təmin etməlidir. Hətta həmin təzminatdan vergi tutulsa belə, hökumət tutulan verginin məbləğini də ümumi məbləğə əlavə etməlidir.

«HƏM QANUN POZULUR, HƏM DƏ BÜDCƏYƏ ZƏRƏR DƏYİR»


Ana Vətən Partiyası sədrinin iqtisadi məsələlər üzrə müavini Əli Hacıyev hesab edir ki, hökumətin ödəmədiyi məbləğin üzərinə faizlərin yığılması büdcəyə cüzi zərər olsa da, hər halda adı «zərərdir»:

«İstənilən halda əmanət əgər çatmalıdırsa, o əmanətə sahiblik hüququ tam təsdiq olunubsa, şübhəsiz ki, o faizlərin ödənilməsi zəruridir. Nə qədər gec ödənilirsə, faizlər artır və əlbəttə ki, bu, dövlət büdcəsinə zərərdir».

Rəşid Hacılı
Eynulla Fətullayevin
digər vəkili Rəşid Hacılı deyir ki, hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməməklə dövlət büdcəsinə ziyan vurur:

«Kompensasiya məbləği Azərbaycanın dövlət büdcəsindən ödənilir və Azərbaycan hökumətinin, məhkəmələrinin Eynulla Fətullayevin işi ilə bağlı səhvlərinin nəticəsi olaraq indi büdcədən Eynulla Fətullayevə pul ödənilməlidir. Üstəlik də o pulun qapalı, lazımsız bir hesaba köçürülməsi nəticəsində hələ də sahibinə çatmamasına görə hökumət yenə dövlətin büdcəsindən həmin məbləğə faizlər əlavə etməlidir. Bir tərəfdən qanun pozulur, o biri tərəfdən dövlət büdcəsinə zərər dəyir».

Vəkil deyir ki, əgər qərar varsa, icra təmin olunmalıdır. Təmin olunmursa, Avropa Şurası problemin həlli yollarını tapmalıdır. Yəni təzminat problemi Azərbaycan hökuməti ilə Avropa Şurası Nazirlər Komitəsinin arasında müzakirə olunub həll edilməlidir.