Elnur Məcidli «Facebook» qrupları, Bəxtiyar Əliyev «radikal müxalifət» barədə

Mətbuat icmalı

BRAYZA HAKİMİYYƏTİN İTTİHAMLARINA CAVAB VERDİ

«Yeni Müsavat» qəzeti: «Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Metyu Brayza bir sıra siyasətçilərin onun təmsil etdiyi ölkənin fəaliyyətinə dair bəyanatlarına münasibət bildirib. O, rəsmi Vaşinqtonun iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduğunu deyib.

Səfir ilk öncə bildirib ki, ABŞ Azərbaycanın daxili işlərinə müdaxilə etmir. O qeyd edib ki, ABŞ-la Azərbaycan bir sıra mühüm öhdəlikləri bölüşür və Azərbaycan ABŞ üçün dost və tərəfdaş ölkədir:

«Biz istərdik ki, Azərbaycan vətəndaşları, hökuməti və vətəndaş cəmiyyəti ölkədə olan ümumi enerjini Azərbaycanda demokratik təsisatların güclənməsi və iqtisadi islahatlar istiqamətinə yönəltsinlər».

M. Brayza deyib ki, ABŞ dünyanın hər hansı bir yerində inqilab olmasını istəmir:

«Bizim istəyimiz ondan ibarətdir ki, günbəgün davamlı fəaliyyət və islahatlar gücləndirilsin. Müxalifət liderləri ilə görüşə gəlincə isə, keçən cümə Əli Kərimli və İsa Qəmbərin iştirakı ilə görüş var idi. Amma mən o görüşdə iştirak etməmişəm. Hesab edirəm ki, ABŞ səfirliyinin hər hansı bir nümayəndəsinin müxalifət nümayəndələri ilə görüşməsi qeyri-adi və qəbahətli iş deyil. Bu, demokratik sistemin bir hissəsidir və demokratik təkamülə bir adımdır».

AZƏRBAYCAN İQTİDARININ AXTARDIĞI GƏNC DANIŞDI

«Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fransada yaşayan gənc fəal Elnur Məcidli barəsində 281.1 (hakimiyyəti zorla ələ keçirməyə çağırış) maddəsi ilə cinayət işi açıb və onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib. E.Məcidli «Yeni Müsavat» qəzetinə internet vasitəsilə müsahibə verib:

- Sizcə, niyə hakimiyyətin qəzəbinə gəlmisiniz?

- Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlmək elə də çətin deyil. Ölkədəki mövcud problemləri söyləmək, saxtakarlıqları ifşa etmək bunun üçün yetərli səbəbdir. Mən ilk növbədə öz hüquqlarımın tapdanmaması və ya tapdanmış hüquqlarımın bərpası üçün mübarizə aparıram. Mən düşünürəm ki, hər bir fərd də bu cür düşünməli və öz hüquqlarını tələb etməyi bacarmalıdır. Bu gün hakimiyyətin qəzəbinə tuş gələn tək mən deyiləm. Əlindəki dövlət resursları ilə qorxu atmosferi yaradanlar, bilməlidirlər ki, xalqın qəzəbi daha ağır olacaq.
Elnur Məcidli
«11 Mart - Böyük Xalq Günü» aksiyası ilə başlayan prosesə müxalifət partiyalarının da qatılması yeni situasiya yaratdı. Ölkədəki vəziyyəti təhlil edənlər deyə bilər ki, 11 martdan öncəki atmosferlə, 11 martdan sonra yaranmış mühit tam fərqlidir. Biz buna nail ola bilmişik.

Ölkə siyasətinə qeyri-konkretlik ənənəsini gətiririk, buna xaotik metodologiya da demək olar. Bu texnologiyadan Azərbaycan siyasətində ilk dəfə biz istifadə etdik və uğurlu olduğunu düşünürəm. Qeyri-konkretlik texnologiyasında fərdlər kütləvi şəkildə hansısa şəxsin arxasınca getmək məcburiyyətində deyil. Və əslində hər fərd liderdir və ya lider olma imkanına sahibdir. Qərar alma mexanizmi də belədir. Hər fərd nə edəcəyinə özü qərar verir.

- Yəni...? Siz nə təklif edirsiniz?

- Biz insanları yox, onların qərarlarını yönləndirməyə çalışırıq. 3 və ya maksimum 5 nəfərlik mobil qruplar yaradılır və qrup daxilində alınan qərarlar sadəcə qrup daxilində qalır - bunun üçün isə qarşılıqlı etimad əsasdır. Mən ümumiyyətlə, yeni başlayan prosesi Böyük Xalq Hərəkatı adlandırıram və bu prosesdə bu cür kiçik mobil qrupların fəaliyyətinin daha effektli olacağına inanıram. «11 Mart - Böyük Xalq Günü» aksiyasından sonra yaranan 11 Mart, Qırmızılar hərəkatları bu cür mobil qruplara nümunədir. Mən düşünürəm ki, hakimiyyəti təşvişə salan da bizim yeni metodologiyadan istifadə etməmizdir. Hakimiyyətin klassik mübarizə üsullarına qarşı formalaşdırdığı üsullar bizim tətbiq etdiyimiz metodologiyaya qarşı kəsərli deyil. Bu kəsərsizlik də hakimiyyəti ciddi narahat edir. Və bu narahatlıqdan yaranan aqresiyanı bizi saxta ittihamlarla, təzyiqlərlə, həbslərlə hədələməklə üzərimizə yönləndirirlər».

ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ AŞAĞI SALINIR

«Bizim Yol» qəzeti: «Ölkədə sosial narazılığı azaltmaq üçün hökumət bir sıra addımlar atır. Buraya qiymətlərin tənzimlənməsi, korrupsiyaya qarşı mübarizə və s. təbirləri aid etmək olar.

Sahibkarların «Bizim Yol»a verdiyi məlumata görə, hökumət qurumlarının növbəti addımı toyuq ətinin ucuzlaşdırılması ilə bağlıdır. Mənbə bildirib ki, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları mağazaları gəzərək toyuq ətinin bahalaşdırılmaması barədə sahibkarlara göstəriş verirlər.

Verilən məlumata görə, bir neçə gün əvvəl mağazalarda «SAB» firmasına məxsus olan toyuqların 1 kiloqramı 3 manat 80 qəpiyə satılıb. Ancaq xəbərdarlıqdan sonra qiymətlər 20 qəpik aşağı düşüb. Bundan başqa, adıçəkilən firmanın istehsalı olan digər ərzaq məhsullarının da qiyməti aşağı salınıb. Söhbət kolbasa və sosiskaların ucuzlaşdırılmasından gedir.

Mənbə deyib ki, «Hicaz» markalı toyuq və kolbasa məhsullarının da qiymətləri nisbətən aşağı salınıb. Eyni zamanda, «Halal» nişanı ilə satılan ərzaqların da qiymətlərində endirimlər olub.

Sahibkarlar əmindirlər ki, qiymətlərin zorla endirilməsi davamlı ola bilməz. Məhsulların maya dəyərində, habelə satış mərkəzlərindən yığılan rüşvətin miqdarı azalmayınca, heç kim qiymətləri endirməyəcək. Gec-tez qiymətlər yenidən artacaq

BİR QRUP İNSAN AVTOBUSUN QAPISINI ZORLA AÇIR...

«Azərbaycan» qəzeti: «Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev qəzetə müsahibə verib.

- Son vaxtlar radikal müxalifətin süni gərginlik və qarşıdurma yaratmaq cəhdlərinə ölkənin ziyalı təbəqəsi, xüsusən elmi ictimaiyyət tərəfindən kəskin etirazlar eşidilməkdədir. Sizin də bir ziyalı kimi bu məsələyə münasibətinizi bilmək istərdik...

- Sözsüz ki, Azərbaycan demokratik ölkə olduğu üçün insanların sərbəst toplaşmaq azadlığı var. Lakin insanların sərbəst toplaşmaq hüququ o demək deyil ki, başqalarının hüquq və azadlıqları pozulmalıdır. Kimlərsə toplaşmaq, fikirlərini ifadə etmək istəyirlərsə, bunun üçün heç bir məhdudiyyət yoxdur. Amma son vaxtlar radikal müxalifətin mitinq keçirmək istəyi, əslində, ölkədə sabitliyi pozmaq və süni qarşıdurma yaratmaq niyyətinə xidmət edir. Televiziyada verilən kadrlardan da göründü ki, bir qrup insan avtobusun qapısını zorla açır və sərnişinlərdən onların icazəsiz aksiyasına qoşulmağı tələb edirdilər. Bu, insanların hüquqlarının pozulmasından başqa bir şey deyil! Bu hadisə mənə radikal müxalifətin 2003-cü ildə törətdiyi pozuculuq əməllərini xatırlatdı. Öz vətəndaşlarımıza qarşı bu cür qanunsuzluq edənlər, dövlətin və ayrı-ayrı şəxslərin əmlaklarına zərər vuranlar təbii ki, hər zaman ictimaiyyətin qınaq obyekti olacaqlar».