Baş prokuror 7 əsgəri kimin qətlə yetirdiyini açıqlayıb

7 əsgərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi ilə bağlı hərbi hissənin komandiri məsuliyyətə cəlb edilib.

Bunu aprelin 15-də jurnalistlərə Baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror deyib ki, bu cinayət hadisəsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir. Keçirilən müxtəlif ekspertizalar nəticəsində hadisəni həmin hərbi hissənin əsgərlərindən birinin törətdiyi məlum olub:

«Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Həmin hərbi hissənin rəhbərliyinin çoxsaylı qanun pozuntularına yol verdiyi də aşkarlanıb».

Fevralın 20-də Göygöl rayonunda yerləşən N saylı hərbi hissədə 7 nəfərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb.