Azərbaycanda söz azadlığının vəziyyəti müzakirə edilə bilər

AŞPA Siyasi Komitəsi dekabrın 11-12-də Bakıda toplaşacaq

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi Komitəsinin dekabrın 11-12-də Bakıda keçiriləcək toplantısında Azərbaycanda insan haqları və demokratiyanın durumu da müzakirə oluna bilər. Bu haqda məlumatı «Azadlıq» radiosuna Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelsə hesab edir ki, son zamanlar Azərbaycanda insan haqlarının pozulması mütəmadi hal alıb və konkret sahələrlə bağlı ciddi problemlər var: «Təməl haqlardan sayılan insan hüquqları ilə bağlı Azərbaycan üzərinə öhdəliklər götürsə də, demək olar ki, onlara əməl olunmur. Xüsusən də söz və sərbəst toplaşmaq azadlığı kimi hüquqlarla bağlı ciddi problemlər var».


Bu səbəbdən də AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd ölkədə söz azadlığının durumu, xüsusən də ANS-in yayımının dayandırılması, bəzi KİV-lərin ofislərindən çıxarılması ilə əlaqədar Siyasi Komitəyə məktubla müraciət ediblər.


Andres Herkelin sözlərinə görə, Bakıda toplaşan Siyasi Komitə üzvlərinin Azərbaycanda insan haqlarının vəziyyəti barədə məlumatlandırılması normaldır. Amma, bunu Komitənin toplantısında müzakirə etmək iştirakçıların işidir.


Millət vəkili Səməd Seyidov isə bildirir ki, mətbuatın vəziyyətinə dair Siyasi Komitədə müzakirə aparılmayacaq. Sadəcə olaraq həmməruzəçilərin müraciətinə Azərbaycan tərəfinin cavab məktubu əlavə olunaraq komitə iştirakçılarına paylanacaq. O ki qaldı, bütünlükdə insan haqlarının vəziyyətinə, cənab Seyidovun fikrincə, insan haqları sahəsində problemi olmayan ölkə yoxdur. Hökumət bu sahədəki bütün problemlərin həlli istiqamətində iş aparır.