Floridada ölüm hökmünün icrası müvəqqəti dayandırılıb

Ceb Buşun səlahiyyət müddəti başa çatana qədər ölüm cəzaları icra olunmayacaq

Amerikanın Florida ştatının qubernatoru Ceb Buş ölüm hökmlərinin icrasını dayandırıb. O, bu haqda qərarı bu yaxınlarda bir məhkumun edamı zamanı qanun pozuntularına yol verildiyi aşkarlanandan sonra verib.

Məhkəmə həkimlərinin yol verdikləri səhv ucbatından məhkumun ölümü 34 dəqiqəyə qədər çəkib. Halbuki, bu zaman çox qısa olmalıdır.


ABŞ prezidenti Corc Buşun qardaşı olan Ceb Buş bildirib ki, onun səlahiyyət müddəti başa çatana qədər Floridada ölüm cəzaları icra olunmayacaq. Yanvarın 2-də vəzifəsinin icrasına başlayacaq Ceb Buşun xələfi Çarli Krist də xüsusi komissiya işini bitirənədək ölüm hökmlərinin icrasına moratoriumu saxlamaq niyyətindədir.