Erməni mənbələrinin yaydığı məlumata görə, Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, yanvarın sonu və ya fevralın əvvəlində tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları bərpa etməyə çalışacaqlar.
Azərbaycanın Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə bildirir ki, yeni ilin əvvəlində nazirlərin göruşəçəyi haqda onlarda məlumat yoxdur. Amma bununla belə, Yerevanın danışıqları davam etdirmək cəhdini alqışlayırlar: «Bu, konstruktiv mövqedir».
Ötən həftə Ermənistan prezidenti Robert Koçaryan bildirmişdi ki, parlament seçkiləri başa çatmayınca, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəallıq müşahidə edilməyəcək. Azərbaycan rəsmiləri isə bunu qarşı tərəfin danışıqları pozmaq cəhdi kimi qiymətləndirirdilər.
Ermənistanın «Panorama» Agentliyinin dekabrın 19-da yaydığı məlumatda deyilir ki, nazir Vartan Oskanyan danışıqların gələn ilin mayına kimi davam edəcəyini deyib.