Psixoloqlara görə isə, insanların həddən artıq informasiya toplamağa meylli olmaları onlarda nevroz, yəni əsəb xəstəliyinin yaranmasına gətirib çıxarır. Bununla yanaşı psixoloqlar da ətraf mühitin çirklənməsini əsas amillərin sırasında qeyd edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vəd verir ki, 2010-cu ilədək Azərbaycanda ekoloji vəziyyət normallaşacaq. Artıq nəinki Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər nazirliklər də prezident İlham Əliyevin ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair 2006-cı il sentyabrın 28-də imzaladığı plana uyğun olaraq müvafiq tapşırıqların icrasına başlayıblar. Bu plan çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ilk dəfə olaraq ekoloji məcəllə də hazırlayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülər Hüseynova: «Bakı buxtasının və çirklənmiş torpaqların təmizlənməsi, antropogen göllərin qurudulması məsələləri bizim nazirliyin görəcəyi işlərdir. Eyni zamanda ekoloji qanunvericiliyin təkmilləşdirilməsi, ilk dəfə olaraq ekoloji məcəllənin hazırlanması da bizim nazirliyə tapşırılıb. Artıq müəyyən işlərin görülməsinə başlanıb və bu işlər 2010-cu ildə başa çatdırılacaq».
O ki, qaldı əhaliyə verilən keyfiyyətsiz içməli suya, bu problemin də həlli «Azərsu» Səhmdar Cəmiyyətinin üzərinə düşür. Qurumdan verilən məlumata görə, yeni çəkilən su xətləri əhalinin keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdıracaq. Yeni su xətlərinin çəkilməsi isə 2008-ci ilin sonunadək davam etdiriləcək. İnsanların ömrünün qısalmasına təsir göstərən digər amil - əsəb sisteminin pozulmasının qarşısını almaq isə psixoloqların fikrincə, daha çox insanların özündən asılıdır.