Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində yanvarın 22-26-da Strasburqda Monitorinq Komitəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə dair məruzəçilər Andreas Herkel və Toni Lloydun ilkin hesabatının müzakirəsi keçiriləcək. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidovun «Azadlıq» radiosuna dediyinə görə, hesabatın yekun variantı aprel sessiyasında - Assambleyanın plenar iclasında müzakirə ediləcək.
Cənab Seyidov öhdəliklərlə yanaşı, Azərbaycandakı mövcud vəziyyətin, o cümlədən azad mətbuat məsələlərinin də müzakirə obyekti olacağını deyir.
AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti yanvarın 20-də Strasburqa yola düşəcək. Nümayəndə heyəti yanvarın 27-də ölkəyə qayıdacaq.