Virtual müharibə iştirakçıları aşkarlana bilərmi?

Hakerləri aşkarlamağa çoxlu vəsait və enerji lazımdır

Ermənistanla bağlı dörd internet saytı eyni vaxtda dağıdılıb və burda «bacıoğlu» ləqəbli haker rus və Azərbaycan dillərində xəbərdarlıq yerləşdirib. Saytlardakı yeganə şəkil Azərbaycanın dövlət gerbidir. Hakerin bu hücumundan zərərçəkən daha məşhur sayt openarmenia-dır. Bundan başqa, tamanyan və homeopati adlı saytlar da zərər çəkib.



Bundan qabaq Azərbaycan İctimai Televiziyasının (İTV) saytı dağıdılmışdı və saytın yerinə Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin adından yazılmış dörd cümləlik xəbərdarlıq yerləşdirilmişdi. Saytdakı yeganə şəkilsə Ermənistanın dövlət gerbi idi.



Dövlət rəmzlərinin yerləşdirilməsi və xəbərdarlıqlar iki ölkənin internet müharibəsi aparması görüntüsünü yaradır. Hətta bir çoxları bunu informasiya müharibəsinə bənzədirlər. İnternet biliciləri həvəskar bir hakerin belə bir müharibə görsənişi yaratmaq gücündə olduğunu deyir.



Milli Təhlükəsizlik Nazirliyinin sözçüsü Arif Babayev isə saytların dağıdılmasının xüsusi xidmətlərlə əlaqəsi olmadığını bildirib.


Adətən hakerlər çoxbilmiş sayılırlar. Amma ələ keçənləri də var. İki il qabaq Florida məhkəməsinin hakerlikdə günahkar bilərək 7 il həbs cəzası kəsdiyi Martin Müllen yerli Kabel TV şəbəkəsinə 24 milyon dollar ziyan vurmuşdu

O, mətbuata açıqlamalarında hakerlərin yerləşdirdikləri bəyanatların ciddi nəzərə alınmalı olmadığını demişdi.


Web saytlarını yarmaq üçün təşkilati güc lazımdırmı?



«Azadlıq» radiosunun web sistemləri mütəxəssisi Yan Kratoxvil: «Düşünürəm ki, bunu təşkilatlı etmək daha asan olardı, çünki bu halda sizin daha çox məlumatınız olur. Amma adi qaydada hakerin təkbaşına saytları dağıtması mümkündür».



Azərbacan İnternet Forumunun prezidenti Osman Gündüzə görəsə, hakerlik əsasən, həvəskarların işidir. O, virtual müharibədə planlı bir şey axtarılmasını düzgün saymır.



Amma belə bir virtual müharibə bütün dünyada gedir. Virtual da deyəndə, bu, çox vaxt milyonlarla dollarla da ölçülə bilər. Bugünlərdə İsveçin Nordea bankından bir haker 8 milyon isveç frankı oğurlayıb. Bu, təxminən bir milyon yarım ABŞ dollarına bərabərdir. Nordea bank kompyuterlərində güclü antivirus proqramı olmayan müştərilərin zərər çəkdiklərini bildirib. İsveç polisi hakerin rusiyalı olması versiyasını araşdırır.



Bəs hakerləri aşkarlamaq mümkündürmü? Yan Kratoxvil hesab edir ki, prinsipcə hakeri aşkarlamaq olar. Amma buna çoxlu vəsait və enerji lazımdır: «Dünyada hər bir internetin yalnız öz nömrəsi var. Əslində, hakerin istifadə etdiyi kompyuterin nömrəsini tapmaq mümkündür. Əlbəttə, bunu haker bilir. Bundan başqa, haker dünyanın o biri başında da ola bilər. Onlar izi itirmək üçün xüsusi üsullara da əl atırlar».



Adətən hakerlər çoxbilmiş sayılırlar. Amma ələ keçənləri də var. İki il qabaq Florida məhkəməsinin hakerlikdə günahkar bilərək 7 il həbs cəzası kəsdiyi Martin Müllen yerli Kabel TV şəbəkəsinə 24 milyon dollar ziyan vurmuşdu.



Hakerlərin motivləri də çox rəngarəngdir. Hətfəsonu Çili milli futbol komandasının rəsmi saytını dağıdan və «perulu» imzasını qoyan haker sadəcə, azarkeş kimi acığını çıxmaq istədiyini göstərir. Bir çox hakerlər isə öz bizneslərini inkişaf etdirmək üçün başqa saytların data-bazalarına girməyə çalışırlar. Məşhur mySpace.com saytının sahibləri Skot Rixteri və onun bir neçə kompyuter şirkətini məhkəməyə verib. Onlar Rixteri müştərilərin e-mail ünvanlarını oğurlayıb, onlara spam yolu ilə reklam dağıtmaqda günahlandırırlar.