ABŞ Dövlət Departamenti Abbas Lisaninin vəziyyətindən narahatdır

Ziyalıların müraciətlərini nəzərə alan Lisani aclıq aksiyasını dayandırıb

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti İranda azərbaycanlı məhbus Abbas Lisaninin vəziyyətindən narahatdır. Departament rəsmisi bildirir ki, məhbəsdə Abbas Lisaniyə fiziki təzyiqlər göstərilir.


Dövlət Departamenti İranı insan haqlarına, dini və milli dəyərlərə hörmətlə yanaşmağa çağırıb.


Departamentin sözçüsü Şon Makkormak deyib ki, İran hökuməti orta məktəblərdə Azərbaycan dilinin tədrisinə qadağa qoyub, buna etiraz etmək istəyən azərbaycanlı fəalları incidir, ədalətsiz mühakimə edir.


Makkormak bəyan edib ki, Vaşinqton İrandakı bu vəziyyətdən çox narahatdır, İran hökuməti azərbaycanlılarla yanaşı həm də burada yaşayan kürdlərə, ərəblərə, bəhailərə də təzyiq edir.


Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsindən verilən məlumata görə, hazırda Ərdəbil həbsxanasında saxlanılan və yanvarın 1-dən aclıq edən fəal yanvarın 31-də aclığını dayandırıb.


Abbas Lisani Azərbaycan ziyalılarının çoxsaylı müraciətlərini nəzərə alaraq, aclığı dayandırsa da, İran azərbaycanlılarının milli və mədəni hüquqlarını müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.


Yazıçı, jurnalist Abbas Lisani ötən ilin may aksiyalarında iştirak etdiyinə görə, həbs olunub. May ayında rəsmi «İran» qəzetinin azərbaycanlıları tarakana bənzədən karikatura dərc etməsinə etiraz əlaməti olaraq İranda yaşayan azərbaycanlıların aksiyalar keçirmişdi.