2007-ci ildə neft yataqlarının istismarından Azərbaycanın mənfəəti artacaq

«BP-Azərbaycan» şirkətinin prezidenti Bill Şreyder, 13 fevral 2007

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2007-ci ildə Azəri-Çıraq-Günəşli yatağından sutkada 708 min barel neft hasil etməyi planlaşdırır. «Şahdəniz» qaz-kondensat yatağından da hasilat davam etdiriləcək. Bu barədə fevralın 13-də «BP-Azərbaycan» şirkətinin ötən ilin nəticələrinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.


Şirkətin prezidenti Bill Şreyder deyib ki, Xəzərin karbohidrogen yataqlarının istismarından Azərbaycanın mənfəəti 2006-cı ildə 3,2 milyard dollar olmuşdur, 2007-ci ildə isə bu göstərici 3,8 milyard dollara çatdırılacaq.


«BP-Azərbaycan» şirkətinin kommersiya məsələləri vitse-prezidenti Fil Houm da bu il Azərbaycanın mənfəətinin artacağını deyib: «Əgər dünya bazarında neftin qiyməti enməzsə, onda 2007-ci ildə Azərbaycana çatacaq nağd pul ümumi mənfəətin 80%-dən çoxunun təşkil edəcək». Cənab Houm bildirib ki, tikinti işləri başa çatmaq üzrə olduğundan, bu sahədə çalışan işçilərin sayı ilin sonuna kimi azalacaq. Hazırda tikintiyə 7400 nəfər işçi cəlb olunub.