Rüşvətsiz və tapşırıqsız vəzifə tutmaq mümkündür?

Komissiyada kadrlar şöbəsinin baş məsləhətçisi Rauf Məcidbəyli

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət strukturlarında vakant məmur yerlərini tutmaq üçün müsabiqə elan edib. Bu zaman hamını düşündürən bir sual meydana çıxır: doğurdanmı Azərbaycanda rüşvət vermədən və ya tapşırıqsız vəzifə tutmaq mümkündür?


Əvvəlcədən nəzərə almaq lazımdır ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi bu müsabiqə ilə bəzi nazirliklərin bu vaxta qədər keçirdiyi müsabiqələr arasında prinsipial fərq yoxdur. Sadəcə dövlət komissiyası birinci dəfədir ki, belə müsabiqə elan edir. İlkin olaraq bu müsabiqə 4 qurumda-yəni Sənaye və Energetika Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və bu komissiyanın özündəki boş iş yerləri üçün keçiriləcək. Komissiyada kadrlar şöbəsinin baş məsləhətçisi Rauf Məcidbəyli deyir ki, gələcəkdə bütün müsabiqələri yalnız onlar keçirəcəklər. İddiaçıların sənədlərinin qəbulu martın 16-da başa çatacaq. Bundan sonra birinci mərhələdə test imtahanı olacaq, ikinci mərhələdə isə lazımı bal toplayan şəxslərlə söhbət aparılacaq. Əslində bu müsabiqələrlə bağlı cəmiyyətdə dolğun rəy hələ ki, formalaşmayıb. Uzun müddət Azərbaycanda belə bir fikir hökm sürüb ki, dövlət qulluğunda işə girmək üçün rüşvət vermək, ya da «yuxarılar»dan tapşırtdırmaq lazımdır. Rauf Məcidli də deyir ki, onların qarşılarında duran birinci vəzifəsi əhalidə bu müsabiqələrə inam yaratmaqdır: «Bizim komissiya da ona görə fəaliyyət göstərir ki, insanlar biliklərinə, bacarıqlarına görə işə qəbul olunsunlar. Azərbaycandan beyin axınının qarşısı alınsın».


Bu müsabiqələrə xüsusən gənclər arasında müəyyən maraq müşahidə edilməkdədir. Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Təvəkkül Məmmədzadə deyir ki, təhsilini başa vurduqdan sonra müsabiqələrə sənəd vermək niyyətindədir. Təvəkkül Məmmədzadənin sözlərinə görə, tanışlarından elə adamlar var ki, rüşvət vermədən, tapşırıqsız belə müsabiqələrlə dövlət qulluğunda işə götürülüblər. Belə hallar onda da müsabiqələrə qatılmağa inam yaradıb.


Ancaq, bu müsabiqələrlə bağlı Təvəkkül Məmmədzadədən fərqli düşünənlər də var. Beynəlxalq Universitetin məzunu Vüqar Tahirzadənin isə deyəsən ilk təşəbbüsü uğurlu olmadığından belə müsabiqələrə bir qədər şübhə ilə yanaşır. Vüqar Tahirzadə deyir ki, müsabiqənin ilkin mərhələsi ilə bağlı heç bir iradı yoxdur. Çünki, test imtahanı hər kəsin qabiliyyətini üzə çıxarır. Ancaq, onun sözlərinə görə, ikinci-söhbət mərhələsində nazirliklərin rəhbərliyinə imkan yaranır ki, test imtahanından keçsə də istəmədikləri şəxsi əliboş qaytarsınlar: «Həm də tapşırılmış adama əvvəlcədən razılaşdırılmış suallar da verə bilərlər. Yəni hər şey şifahi aparılır».


Dövlət komissiyasının rəsmisi Rauf Məcidli müsabiqələrin ikinci mərhələsinə inamsız yanaşmalarını əsassız hesab edir. Baxmayaraq ki, o da testdə yüksək bal toplayan bəzi şəxslərin müsabiqənin ikinci mərhələsindən-şifahi söhbət mərhələsindən keçməməsini istisna etmir: «Ola bilər ki, bir şəxs həqiqətən savadlı olsun. Ancaq, hələ dövlət qululuğunda çalışmağa hazır olmasın. Söhbət əsnasında məhz bu, müəyyən edilir».


Cəmiyyətdə müsabiqələrə müəyyən inamsızlıq olsa da, bütünlükdə onun əhəmiyyəti inkar edilmir. Fəlsəfə elmləri namizədi Müşfiq Şükürlü deyir ki, bu məsələlər Azərbaycanda beynəlxalq qurumların tövsiyələri əsasında reallaşmaqdadır. Məqsəd isə dövlət qulluğuna işə götürülmə zamanı rüşvət, yerlibazlq hallarını aradan qaldırmaqdır. Müşfiq Şükürlü deyir ki, dövlət qurumlarında kök salan bürokratik aparatın da bu islahatlara müqavimət göstərməsi təbii başa düşülməlidir. Çünki onlar da özlərini qorumağa çalışırlar.


«XXI əsr Təhsil Mərkəzi»nin rəhbəri Etibar Əliyev isə deyir ki, əgər bu müsabiqələr daha da təkmilləşdirilərsə cəmiyyət ondan daha çox faydalana bilər. O, hesab edir ki, müsabiqənin bütün mərhələsində şəffaflıq qorunmalıdır. Əgər bütün proses boyu nəzarət təmin edilərsə, onda söhbət mərhələsində də subyektiv amillər minimuma enər.


Onu da deyək ki, Dövlət Qulluğu Məsəlləri üzrə Komissiyanın keçirdiyi birinci müsabiqə hələ ki, rəhbər vəzifələrini yox, aşağı məmur vəzifələrini tutmaq üçün keçirilir.