Fevralın 23-də Amerikada yaşayan İran azərbaycanlılarından ibarət bir qrup ABŞ Dövlət Departamentinin qarşısında piket keçirib. Piket İranda təqiblərə məruz qalan azərbaycanlı fəallara dünya ictimaiyyətinin dəstəyini qazanmaq məqsədi ilə təşkil edilib.
Aksiya iştirakçıları «İran yalnız fars deyil!», «İranda azərbaycanlılara qarşı mədəni aparteidi rədd edin!» və «İrana azərbaycanca veriliş!» kimi şüarlar səsləndiriblər. Onlar həmçinin ABŞ büdcəsi hesabına maliyyələşən media vasitələrində İrana yayımın yalnız fars dilində olduğuna diqqəti çəkib, onların azərbaycanca verilişlərinin genişləndirilməsini tələb ediblər.
ABŞ Dövlət Departamenti son bəyanatında İran hakimiyyətinin azərbaycanlılar, kürdlər və ərəblər daxil olmaqla, etnik azlıqlara qarşı repressiyaları davam etdirməsindən narahatlıq ifadə edib. Bəyanatda deyilir ki, Tehran Azərbaycan dilinin məktəblərdə tədrisini qadağan edib, mədəni və dil haqlarını tələb edən azərbaycanlı fəalları təqiblərə məruz qoyur.