Abxaziyada parlament seçkiləri keçirilir

Gürcüstanın separatçı Abxaziya respublikasında parlament seçkiləri keçirilir.


Tanınmamış respublikanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, 35 deputat yeri uğrunda 108 namizəd mübarizə aparır.


Rusiya sülhməramlıları gürcü-abxaz zonasında postları gücləndirməyi planlaşdırmırlar
Gürcü-abxaz sərhədində isə Gürcüstan gənclərinin etiraz aksiyası davam edir.


Qali rayonunda Abxaziya prezidentinin nümayəndəsi Ruslan Kişmariya deyir ki, bütün seçki dairələrində vəziyyət stabil və sakitdir.


Gürcüstanla sərhəddəki vəziyyətdən danışarkən Ruslan Kişmariya bildirib ki, İnquri çayının Gürcüstan tərəfində olan nümayişçilər tanınmamış respublika tərəfə keçsələr, abxaz hərbçiləri onlara atəş açacaqlar. Onun məlumatına görə, Abxaziyada keçirilən parlament seçkilərinə qarşı etiraz aksiyasında hazırda 1500 nəfər Gürcüstan fəalı iştirak edir.


Abxaziyada seçkilərlə əlaqədar Rusiya sülhməramlıları gürcü-abxaz zonasında postları gücləndirməyi planlaşdırmırlar.


Abxaziya və digər separatçı region -- Cənubi Osetiya keçmiş Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini elan ediblər.


Lakin beynəlxalq ictimaiyyət bu respublikaları tanımır və bu gün Abxaziyada keçirilən seçkilərin nəticələrini də heç bir ölkənin tanımayacağı gözlənilir.