Hüseyn Arabul və «Barmek»in daha 7 əməkdaşı haqqında cinayət işi məhkəməyə göndərilib

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul və bu qurumun daha 7 əməkdaşı haqqında cinayət işinin istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu barədə «Azadlıq» radiosuna «Barmek»in vəkili Abbas Atakişiyev məlumat verib.


Hüseyn Arabul və daha 7 nəfər mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirlər.


Abbas Atakişiyev deyir ki, martın 28-i isə İqtisadi Mübahisələrin Həlli üzrə Beynəlxalq Məhkəmədə «Barmek»in Azərbaycan hökumətinə qarşı iddiası ilə bağlı ilk məhkəmə iclası olmalıdır. Onun sözlərinə görə, şirkətin Azərbaycan hökumətinə qarşı qaldırdığı bu iddiada əsas məqsəd müqaviləyə xitam verilməsiylə bağlı kompensasiya tələb etməkdir.


Azərbaycan hökuməti «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlə müqaviləni öətən ilin iyul ayında dayandırmışdı. Şirkət Azərbaycanda 2002-ci ilin yanvarın 1-də fəaliyyətə başlamışdı.