Türkiyə hakimiyyəti İstanbulda İranın Müdafiə nazirinin keçmiş müavini Əlirza Əsgərinin yoxa çıxması ilə bağlı istintaqa başlayıb.
Türkiyə kütləvi informasiya vasitələri xəbər verirlər ki, general İstanbula fevralın 7-də gəlib, otellərdən birində qeydiyyatdan keçib. Amma az sonra yoxa çıxıb. Əlirza Əsgərinin yerinin müəyyənləşdirilməsi üçün Tehran Türkiyə hökumətinə müraciət edib.
Türkiyə xüsusi xidmət orqanlarının məlumatına əsasən, İstanbulda olarkən Əsgəri dəfələrlə mobil telefonla İrandakı ailəsi ilə danışıb.
Türkiyə mediası istisna etmir ki, istefaya çıxmış general ailəsi ilə birlikdə Qərbə qaçıb və İranın nüvə proqramı və hərbi proyektləri barədə guya onda olan məlumat müqabilində sığınacaq istəyib.