«Azəri-Çıraq-Günəşli» layihəsində çalışan 5400 nəfər işdən çıxarılacaq

Hazırda «Azəri-Çıraq-Günəşli» layihəsində 8400 nəfər çalışır

«2007-ci ilin sonunadək «Azəri-Çıraq-Günəşli» layihəsində çalışan işçilərdən 5400 nəfər işdən azad olunacaq». «bp-Azərbaycan» şirkətinin iri layihələr üzrə vitse-prezidenti Brus Luberski martın 15-də media təmsilçiləri ilə görüşündə belə deyib. Onun sözlərinə görə, bu normal haldır: «Çünki tikinti işləri başa çatır. Burda müsbət cəhət də var. Ölkədə neft çıxarılmağa başlanır və digər sahələrdə yeni iş yerləri yaranır».

Cənab Luberski deyir ki, ildən ilə nəinki «Azəri-Çıraq Günəşli», həmçinin digər layihələrdə də tikinti işləri başa çatır və əməliyyat mərhələsi başlanır: «Bütün bunlardan sonra «bp-Azərbaycan»ın ümumi strukturunda bütövlükdə iki minə yaxın əməkdaş çalışacaq».


Hazırda «Azəri-Çıraq-Günəşli» layihəsində 8400 nəfər çalışır. Onların 80 faizi Azərbaycan vətəndaşlarıdır.