İran Azərbaycanında həbslər və məhkəmələr davam edir

Ailə üzvləri saxlananların döyüldüklərini bildirirlər

Martın 15-də İranın Culfa şəhərində Təhlükəsizlik İdarəsi – ETTELAAT-ın əməkdaşları Adil və İbrahim Şükri qardaşlarının evinə hücum edib, onları naməlum yerə aparıblar. Hələlik saxlananların vəziyyətindən xəbər ala bilməyən ailə üzvləri onların saxlanarkən döyüldüklərini bildirirlər.


Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMƏK) verdiyi xəbərə əsasən, Urmiyədə Ana Dili Günü nümayişlərində həbs olunan fəalların böyük bir qismi zaminə buraxılıb. Komitə onlardan üçünün — Əlirza Qomi, Əhməd Qüreyşi və Əbülfəz Əlilunun işgəncələrə məruz qaldıqlarını bildirir. Azadlığa çıxan fəallara mətbuatla təmasda olmamaları üçün xəbərdarlıq edildiyi bildirilir. Həmin xəbərə görə, «Urmu yolu» nəşriyyatının müdiri Atabəy Teymuri indiyədək azad edilməyib.


Ərdəbil həbsxanasında saxlanan fəal Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadənin dediyinə görə, cənab Lisani və digər fəal -- Behruz Əlizadə həbsxananın 7-ci korpusuna köçürülüb. Martın 15-də Abbas Lisani evə zəng edərək deyib ki, özü istəməsə də onu həbsxananın silah və narkotik qaçaqmalçıları saxlanan 7-ci korpusuna köçürüblər.