Xəstəxanalarda xəstələrin qida rasionu ilə bağlı problem var

«Dövlət büdcəsindən ayrılan vəsait xəstələrin hər gün yeməklə təminatına imkan vermir»

«Azərbaycandakı bütün xəstəxanalarda pasiyentlərə səhər, günorta və axşam yeməyi verilir». Səhiyyə Nazirliyindən verilən məlumatda belə deyilir. Amma Bakıda gəzdiyim xəstəxanalarda xəstələrə yemək verilməsilə bağlı müxtəlif fikirlər eşitdim. 4 saylı Şəhər Xəstəxanasında bir neçə xəstə onlara səhər və günorta yemək verildiyini desə də, nədənsə, həmin xörəklərin adını çəkə bilmədilər. Xəstələrin əksəriyyəti xəstəxanada ola-ola düz danışmağa qorxduğunu etiraf edir, müalicəsinin yarımçıq qalacağından ehtiyatlandığını bildirirdi. Xəstə həyat yoldaşına qulluq edən qadınlardan bir neçəsi isə palatadan çıxanda, xəstəxananın dəhlizində mənə bunları dedilər: «Burda xəstələrə yemək verilmir, biz özümüz gətiririk».


Başqa bir palatada yatan xəstə isə həkimlərdən xeyli razı qalsa da, onlara yemək verilməsi barədə deyilənləri təəccüblə qarşıladı: «Xəstəxananın yemək verdiyini görməmişəm, evdən gələn xörəkləri yeyirik».


Əksər xəstəxanalarda xəstələrin qida rasionu ilə bağlı problem var. Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov deyir ki, əslində, indi xəstələrə mal və ya toyuq əti, yumurta, makaron, əriştə və s. verilməlidir. Amma indi heç bir xəstəxana ilin 365 günü xəstələri yeməklə təmin etmək gücündə deyil: «Bizim xəstəxana 620 çarpayılıqdır. Əgər hər xəstəyə gündə 1 manat xərc çəkilərsə, bu, gündə 620 manat deməkdir, bunu aya və ilə vuranda xeyli vəsait edir».


Cənab Zahidov deyir ki, xəstəxanaların ərzaq təminatı həm də çarpayıların profilindən asılıdır: «Tutaq ki, doğum şöbəsində yatan xəstənin qida rasionu bir qədər güclü olur. Cərrahiyyə şöbəsi daha güclü olmalıdır, nəinki terapiya şöbəsi».


Zahidova görə, dövlət büdcəsindən ayrılan vəsait xəstələrin hər gün yeməklə təminatına imkan vermir. Onun sözlərinə görə, xəstəxananın ərzaq təminatıyla bağlı tender başa çatmadığından Neftçala Rayon Xəstəxanası hələ də ərzaqla təmin edilməyib.


Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov isə bildirir ki, hazırda bir xəstə üçün ərzaq norması gündə təxminən 20 qəpikdir. Onun sözlərinə görə, indi bir xəstəni gündə üç dəfə yeməklə təmin etmək üçün ən azı 3 manat vəsait ayrılmalıdır. 2007-ci ildə 1340 yerlik Salyan Rayon Mərkəzi Xəstəxanasının ərzaq təminatına 25 min, dərman preparatları üçünsə 105 min manat ayrılıb.


Bəs, xəstələrin ərzaq rasionuna nələr daxildir?


İbrahim Cəfərov: «Çörək, çay, müxtəlif yeməklər, ümumiyyətlə, meyvəyə qədər verilməlidir. Amma tam pul ayrılmadığına görə, bu yeməklərin hamısını vermək mümkün deyil».


Cəfərov deyir ki, əslində, sadalanan bütün ərzaqlar alınır, amma 1340 çarpayı üçün ayrılan bu bir aylıq ərzaq payı cəmi bir həftə üçün yetərli olur. Onun sözlərinə görə, bu il dərman preparatlarının maliyyələşməsində 4-5 dəfə artım olsa da, xəstəxananın ərzaq təminatında elə bir irəliləyiş olmayıb.


Baş həkim təklif edir ki, əksər xarici ölkələrdə olduğu kimi, xəstəxanalar çarpayı hesabına yox, əhalinin sayına uyğun maliyyələşdirilsin.


Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin orqanı olan «Tibb» qəzetinə verdiyi müsahibəsində bildirib ki, 2007-ci ildə xəstəxanaların ərzaq təminatına 6 milyon manat vəsait ayrılıb. Bu məbləği yetərli hesab etməyən nazir, vəsaitin artırılması, o cümlədən yeni normativlərin qəbul edilməsilə bağlı Nazirlər Kabinetinə yeni təkliflər verib. Şirəliyev yeni normativlərin necə olması barədə bir söz deməsə də, bəzi xəstəxanalardan aldığım məlumata görə, Nazirlər Kabinetinə təqdim edilən müraciətdə bir xəstənin gündəlik ərzaq rasionu üçün 3 manata yaxın vəsait ayrılması təklif edilir.