Əli İnsanov müdafiəçilərinin təhdid olunduğunu deyir

İnsanov hüquqlarından yararlana və günahsızlığını isbatlaya bilmədiyini də söyləyib

Sabiq Səhiyyə naziri Əli İnsanov onun hüquqlarını müdafiə edənlərin və tərəfdarlarının təzyiqlə üzləşdiklərini, təhdid olunduqlarını iddia edir. Bu haqda o, aprelin 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədəki prosesdə deyib. İnsanov təcridxanaya tərəfdarlarından gələn məktublarda onlara müxtəlif səviyyələrdə təzyiqlər edildiyi haqda yazıldığını bildirib.


Hakim Faiq Qasımov isə ona bu haqda məhkəməyə yazılı şəkildə müraciət etməsini məsləhət görüb.


Əli İnsanov həmçinin hüquqlarından yararlana və günahsızlığını isbatlaya bilmədiyini də söyləyib. Sabiq nazir həbs olunarkən evində qızıl külçələrin tapılması haqda televiziya kanallarında gedən süjetlərin doğru olmaması ilə bağlı şikayətinə Ali Məhkəmənin martın 30-da baxmalı olduğunu, ancaq bu haqda onun vəkillərinə aprelin 2-də xəbərdarlıq gəldiyini deyib.


Keçmiş nazir prezident İlham Əliyevin onu və sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevi «cinayətkar nazir» adlandırmasına da etirazını bildirib və bununla təqsirsizlik prezumpsiyasının pozulduğunu deyib.


2005-ci ilin oktyabrında həbs olunan Əli İnsanov dövlət əmlakını mənimsəməkdə ittiham olunur.