Ermənistanda seçki kampaniyası başlayır

«Daşnaksutyun» aprelin 9-da Yerevanda Şarl Aznavur meydanında mitinq keçirəcək

Aprelin 8-də Ermənistanda parlament seçkiləri üçün təbliğat kampaniyası başlayır. Seçkiqabağı kampaniya mayın 10-dək davam edəcək. Mayın 12-i isə seçkidir.

Ermənistan parlamentindəki 131 yerə 1447 namizəd iddia edir. Bu ölkədə parlamentə seçkilər majoritar (fərdi namizədlərin irəli sürülməsi yolu ilə) və proporsional (partiya siyahıları üzrə) qaydalarda keçirilir. Majoritar qaydada keçirilən seçkilərdə 134 namizəd 41 deputat yeri uğrunda mübarizə aparır. Partiya siyahısı üzrə seçkilərə isə parlamentdəki yerlərin 90-ı ayrılıb. Bu sistem üzrə seçkiyə 24 partiya və bir blok qatılıb.


Proporsional qaydada seçkiyə qatılan siyasi qüvvələr aşağıdakılardır:


Milli-demokrat Partiyası, «Milli Həmrəylik» Partiyası, «Milli Birlik», «Çiçəklənən Ermənistan», «Daşink», «İrs», «Demokratik Yol», Ermənistanın Mütərəqqi Partiyası, Ermənistan Demokratik Partiyası, Ermənistanın Gənclik Partiyası, Ermənistan Xalq Partiyası, Ermənistan Kommunist Partiyası, Ermənistan Respublika Partiyası, Ermənistan Marksist Partiyası, Erməni İnqilab Federasiyası (Daşnaksutyun), Erməni Ümummilli Hərəkatı, Xalq Partiyası, «Respublika», Birləşmiş Əmək Partiyası, Birləşmiş Liberal Milli Partiyası, «Yeni zaman», «Qnçkyan» Sosial-Demokrat Partiyası, Xristian-Xalq Dirçəlişi Partiyası, «Orinats Erkir», həmçinin «İmpiçment» bloku.


Bəzi siyasi qüvvələr artıq aprelin 9-da seçki təbliğatına başlamaq niyyətindədirlər. Erməni İnqilab Federasiyası «Daşnaksutyun» aprelin 9-da Yerevanda Şarl Aznavur meydanında mitinq keçirəcək.


Seçki Məcəlləsinə əsasən, bütün siyasi qüvvələrə təbliğat dövründə televiziyada bir saat pulsuz efir veriləcək.


MDB-nin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyası artıq Yerevandadır.


ATƏT-in müşahidə missiyasının rəhbəri, səfir Boris Frlets qeyd edib ki, indiyədək Ermənistanda keçirilən bütün seçkilər ATƏT-in standartlarına cavab verməyib. İndi budəfəki seçkidə mövcud mənfi tendensiyanı dəyişmək imkanı var. Müşahidəçilərin fikrincə, dəyişdirilmiş Seçki Məcəlləsi ədalətli seçkilərin keçirilməsi üçün yaxşı hüquqi baza hesab oluna bilər.


MDB müşahidə missiyasının rəhbəri Vladimir Ruşaylo deyir ki, dünyanın heç bir ölkəsində «tam təmiz seçkilər» olmur, həmişə hansısa texniki problemlər ortaya çıxır: «Bizim vəzifəmiz çatışmazlıqlar varsa, onları müəyyənləşdirmək, bu cür çatışmazlıqların daimi xarakterini, onların seçkilərin nəticələrinə təsir edib-etmədiyini aydınlaşdırmaqdır».


ABŞ hökuməti artıq qeyd edib ki, seçkilər beynəlxalq standartlara uyğun gəlmədiyi halda «Minilliyin çağırışı» proqramı üzrə Ermənistana yardımlar dayandırılacaq.


Almaniyanın Ermənistandakı səfiri Xayke Renate Payç deyib ki, Avropa Birliyi ilə «Yaxın qonşuluq siyasəti» proqramı imzalanandan sonra Ermənistan Qafqazda seçki keçirən ilk ölkədir: «Proqramda Ermənistanla Avropa Birliyi arasında beş il müddətinə fəaliyyət planı təsbit olunub. Planın davam etdirilməsi seçki prosesinin keyfiyyətindən asılı olacaq».



Bundan başqa, bəzi politoloqların rəyinə görə, Ermənistan ədalətli seçkilərin keçirilməsini təmin edə bilməsə, bu, Dağlıq Qarabağ münaqişəsində onun mövqeyinə mənfi təsir edə də bilər.