Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunur

Seçki qanunvericiliyinə dəyişikliklər məsələsi neçə vaxtdır gündəmdədir

Aprelin 11-də Avropa Şurası (AŞ) Venesiya Komissiyasının ekspertləri ilə Azərbaycan hökumətinin nümayəndələri seçki qanunvericiliyini müzakirə edirlər. AŞ-nın Bakı nümayəndəliyindən verilən məlumata görə, müzakirələr Seçki Məcəlləsinə dəyişikliklər və seçki komissiyalarının formalaşdırılmasıyla bağlıdır.


«Turan»ın eksperti Zəfər Quliyev deyir ki, seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı cəmiyyət və müxalifət hakimiyyətə təsir göstərə bilmir. Ona görə də hər şey beynəlxalq qurumlardan asılıdır. Ekspertin fikrincə, beynəlxalq qurumlar israr etsələr hakimiyyət dəyişiklik eləməyə çalışacaq.


Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov seçki


qanunvericiliyi ilə bağlı beynəlxalq qurumların təkliflərinin bəzi hissələriylə razılaşmadığını, amma danışıqlarda ortaq variantın tapılacağını da bildirib. «Avropa Şurası ekspertlərinin təkliflərində bəzi məqamlar var. Biz onlarla razılaşmırıq. Əgər o təkliflər yerinə yetirilsə, seçki komissiyaları hansısa qüvvələrin iradəsindən asılı vəziyyətə salınır. Biz onunla razılaşmırıq. Ancaq müzakirə edəcəyik. Ola bilsin əlavə variantlar, başqa təkliflər də ola bilər».


Azərbaycanın seçki qanunvericiliyinə dəyişikliklər məsələsi neçə vaxtdır müzakirə olunur. Hazırkı görüşdə Venesiya Komissiyasının təklifləri ilə bağlı Azərbaycan hökumətinin cavabları müzakirə olunur.