Fəzail Ağamalı Hüseyn Abdullayevin vəkilindən şikayət edib

Fəzail Ağamalı vəkil Kamandar Nəsibovun onun şərəf və ləyaqətini təhqir etdiyini bildirir

Ana Vətən Partiyasının sədri deputat Fəzail Ağamalı həbsdə olan həmkarı Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibovla bağlı Vəkillər Kollegiyasına şikayət edib. Cənab Ağamalı deyir ki, Kamandar Nəsibov öz müsahibələrində «Vəkillər və Vəkillik Fəaliyyəti haqqında» qanunun 18-ci maddəsini pozub. Yəni vəkillik etikasına zidd olaraq həmin müsahibələrdə onun şərəf və ləyaqətini təhqir edib.


Vəkil Kamandar Nəsibov isə deyir ki, o heç bir çıxışında Fəzail Ağamalının şərəf və ləyaqətini təhqir etməyib. Onun Fəzail Ağamalı ilə bağlı dediklərin hamısı müxtəlif qəzetlərdə dərc edilən yazılardan götürülüb. Bu baxımdan da o, həmin yazılara istinad edən vəkili yox, həmin qəzetləri məhkəməyə verə bilər.


Fəzail Ağamalı isə deyir ki, adını çəkmək istəmədiyi bir qəzeti də bu günlərdə məhkəməyə verməyə hazırlaşır.