Yaşayış qaydalarını pozduğuna görə, 2007-ci ilin dörd ayı ərzində Azərbaycandan 125 nəfər əcnəbi deportasiya olunub. Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin rəisi Şövqi Hadıyev məlumat verib. Onun sözlərinə görə, ötən il inzibati qaydada ölkədən çıxarılanların sayı isə 110 nəfərdən çox olub. Aprelin 13-də isə bir qədər əvvəl prezidentin fərmanıyla əfv edilən Vyetnam vətəndaşı öz ölkəsinə yola salınıb.
Cənab Hadıyev deyir ki, 2006 və 2007-ci illərdə İnzibati Xətalar Məcəlləsinin 300-cü (dini təbliğat aparma), 330-cu (viza rejimini pozma), 307 (tüfeyli həyat tərzi keçirmə) maddələrini pozduğuna görə, 43 ölkədən olan qanunsuz miqrant Azərbaycandan çıxarılıb.
Deportasiya olunan əcnəbilərin sayına görə, İran, Pakistan və Hindistan vətəndaşları çoxluq təşkil edir. Şövqi Hadıyev deyir ki, qanunsuz miqrantların Azərbaycandan çıxarılması DİN-in maliyyə vəsaiti hesabına həll edilir.
Cənab Hadıyevin sözlərinə görə, hər qanunsuz miqrantın öz ölkəsinə yola salınması orta hesabla 500 manatdan 1600 manata başa gəlir. Elə idarənin Nigeriya və Vyetnama yola saldıqları qanunsuz miqrantların hər birinə alınan təyyarə biletləri 1000 manatdan bahadır. Üstəlik onlar Azərbaycanda saxlandıqları müddətdə də pulsuz yer və yeməklə təmin edilirlər.