Bakı İncəsənət Muzeyindən oğurlanmış rəsm əsərləriylə bağlı proses aprelin 23-nə təyin olunub

Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində Bakı İncəsənət Muzeyindən oğurlanmış rəsm əsərləriylə bağlı proses başlayıb. Məhkəmədə təqsirləndirilən şəxs Aydın İbarhimovdur. O, rəsm əsərlərini oğurlamaqda və qaçaqmalçılıqda ittiham olunur. Məhkəmənin hazırlıq iclası başa çatıb ıə növbəti proses aprelin 23-nə təyin olunub.


1993-cü ildə İncəsənət Muzeyindən holland, azərbaycanlı və rus rəssamların əl işləri olan 300-ə yaxın əsər oğurlanmışdı. Hadisədən 4 il sonra 1997-ci ildə Nyu-Yorkda Azərbaycan vətəndaşı Natəvan Ələsgərova həbs edildi. O, Rembrantın, Dürenin və başqa orta əsr rəssamlarının 12 rəsm əsərini saxlamaqda və satmaqda ittiham olunurdu. Həmin əsərlərin İncəsənət Muzeyindəki əsərlər olduğu məlum olmuşdu. 1997-ci ildə isə onun həyat yoldaşı, bu gün məhkəmə qarşısına çıxan Aydın İbrahimovdan aldığı əsərləri 1 milyon dollara satmaq istəyərkən həbs edilmişdi.


Bu işlə bağlı 2000-ci ilə qədər istintaq gedib. Oğurlanan əsərlərin hamısı tapılıb və Azərbaycana göndərilib.


Təqsirləndirilən Aydın İbrahimov İnterpol xəttiylə uzun illər axtarışda olub. 2006-cı ildə isə o, Azərbaycana gələrək, könüllü təslim olub.