«Cənubi Azərbaycan» məsələsi

«Cənubi Azərbaycan məsələsi» məqaləsinin müəllifi Karl Rahder

Mərkəzi İsveçrədə yerləşən Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Şəbəkəsi (ISN) «Cənubi Azərbaycan» məsələsi başlığı altında yeni məqalə dərc edib. İki hissədən ibarət bu məqalənin birinci hissəsi aprelin 19-da nəşr edilib, ikincisi isə 26-da çapa hazırlanır. Amerikanının İrana nüfuz etmək niyyətində olması haqda şayiələrə işarə edən məqalənin müəllifi Karl Rahderin fikrincə, İran azərbaycanlılarının get-gedə artan milli və mədəni tələbatı Tehran hökumətini qayğılandırdığı halda Azərbaycan hökumətinin də xarici siyasətini mürəkkəbləşdirir.


Karl Rahder 21 fevral Beynəlxalq Ana Dili günü münasibətilə İranın şimal şəhərlərində ana dilinin rəsmiləşməsini tələb edən on minlərlə azərbaycanlının nümayiş keçirdiyi və bu hadisədə yüzlərlə insanın həbs edildiyini bildirir. 2006-cı il may ayında olan karikatura qalmaqalına da işarə edən müəllif yazır: «Dünya mətbuatı bu haqda geniş xəbərlər verməsə də yüzə qədər nümayişçi may hadisələrdə həlak olub, fevral aksiyalarında yaralanıb həlak olanların sayı isə bəlli deyil».


Məqalə İranda azərbaycanlıların sayı haqda gedən mübahisələrə də toxunur. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi azərbaycanlıların sayının 17 milyon olduğunu və İran əhalisinin 24 faizini təşkil etdiyini bildirir. Amma, Azərbaycan Respublikasında və bir çox ölkələrdə onların sayının 20-30 milyon olduğuna inanırlar.



«Cənubi Azərbaycanla bağlı iki qonşu ölkə arasındakı tarixi ixtilaflar və İranın Ermənistanla yaxın münasibətlərini nəzərə alaraq gərginliyin artması Azərbaycanın xarici siyasətini daha da mürəkkəbləşdirir»
Azərbaycanlıların İranda ən böyük etnik azlıq olmasını sübut edən müəllif Amerikanın bu güclü qüvvədən istifadə etməsi haqda yayılan «təhlükəli şayiələr» barədə yazır. O, xatırladır ki, 2006-cı ilin 17 aprelində «New Yorker» jurnalında dərc edilən məqalədə Amerika agentlərinin İranın etnik azlıqları arasında pul payladığı iddia edilmişdi. Karl Rahder məsələni ətraflı araşdırdıqdan sonra bildirir ki, bu kimi şayiələrin doğru və ya yalan olduğunu sübut etmək mümkün deyil. Bəs bu kimi şayiələrin təhlükəli olması nədən ibarətdir? Müəllifin fikrincə məsələnin təhlükəli cəhəti budur ki, İran hökuməti bu kimi yazıları yaxından izləyir və belə iddialara əsaslanaraq daxildəki azərbaycanlıların milli-mədəni tələbatını İsrail və Amerika hökuməti tərəfindən törədildiyini göstərmək istəyir. Bu isə İrandakı insan haqları müdafiəçilərinin işini qat-qat çətinləşdirir.

Bakı və Amerikanın müxtəlif universitetlərində beynəlxalq siyasət fənnindən dərs demiş professor Rahder məsələnin Azərbaycan hökumətinin xarici siyasətini nə dərəcə də mürəkkəbləşdirdiyini də ətraflı izah edir. O, Amerika ilə İran arasındakı münasibətlərin pisləşməsinin Azərbaycana təsiri haqda yazır:


«Cənubi Azərbaycanla bağlı iki qonşu ölkə arasındakı tarixi ixtilaflar və İranın Ermənistanla yaxın münasibətlərini nəzərə alaraq gərginliyin artması Azərbaycanın xarici siyasətini daha da mürəkkəbləşdirir.


Ötən il Bakıda Dünya Azərbaycanlılarının Konqresi keçirildi. Burada həm iki Azərbaycanın birləşməsi həm də İranda azərbaycanlıların insan haqlarının tapdalanması məsələsi ortaya atıldı. İranın Bakıdakı səfiri Əfşar Süleymaninin Cənubi və Şimali Azərbaycanın birləşməsi fikrinin səslənməsinə etirazından sonra diplomatik münaqişələr ortaya çıxdı».


İranın 1992-ci ildən bəri müstəqil Azərbaycana din yolu ilə nüfuz edib hökuməti zəifləndirmək niyyətində olduğunu bildirən müəllif «Hizbullah»ın Azərbaycandakı fəaliyyətləri və burada davamlı olaraq İran casus və agentlərinin ifşa edilməsi barədə faktlara diqqəti yönəldir. O, Amerikanın hərbi məsləhətçisi Stefen Blanka istinad edərək İranın Qafqazda gizli fəaliyyət göstərən terror şəbəkəsi yaratdığını bildirir. Stefen Blankın fikrincə, bu terror şəbəkələrindən Amerikanın hərbi bazaları və bu qüvvələrin yerləşdirilməsinə imkan yaradan hökumətlərə qarşı istifadə ediləcək.


Bunları nəzərə alaraq Rahderin fikrincə, Azərbaycan hökuməti indidən elə bir xarici siyasət tətbiq etməlidir ki, Amerika ilə İran arasında müharibə baş versə özünü qoruya bilsin. Bu isə asan iş deyil.


«Cənubi Azərbaycan məsələsi» məqaləsinin müəllifi bu yaxınlarda Güney Azərbaycan Oyanış Hərəkatı adlanan təşkilatın Bakıda sığınacaq istəyən üzvü Hadi Musəvinin İrana deportasiya edildiyi barədə də yazır. Karl Rahderin fikrincə bununla Azərbaycan hökuməti bir növ güzəştə gedib.