Aprelin 24-də vəkil Telman Novruzzadə Sumqayıt Şəhər Məhkəməsinin Rızvan Talıbov haqda çıxardığı qərardan apellyasiya şikayəti verib. Keçmiş Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olan Rızvan Talıbov aprelin 19-da Sumqayıtda saxlanıb. O, Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə, yəni xüliqanlıqda ittiham edilir. İttihamnaməyə görə, o, bir nəfərin başına mobil telefonla vurub. Aprelin 21-də Sumqayıt Şəhər Məhkəməsi Talıbov barədə iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib. Rızvan Talıbov elə həmin gün Şüvələndakı 3 saylı istintaq təcridxanasına göndərilib.
Vəkil Telman Novruzzadə iddia edir ki, Rızvan Talıbov haqda həbs-qətimkan tədbirinin seçilməsinə ehtiyac yox idi. İstintaqı o, azadlıqda olarkən də aparmaq mümkün idi. Rızvan Talıbovun yaxınlarından Yalçın Qəhrəmanoğlu isə bu həbsi əvvəlcədən planlaşdırılan bir əməl adlandırıb. Onun sözlərinə görə, məqsəd Talıbovun apardığı mübarizəyə mane olmaqdır.