«Bizim Akademiya «Qulliverin səyahəti»ndəki akademiyaya oxşayır»

«Beyin axını Azərbaycanda elmə yaradılan şəraitin əlverişli olmadığının göstəricisidir»

Aprelin 26-27-də Azərbaycan Milli Elmlər Akademiyasına müxbir və həqiqi üzv seçkiləri keçirildi. Bu seçkilər Azərbaycan elminə nə verəcək? Akademiya sistemi cəmiyyətdə əsas elmi mərkəz kimi öz funksiyasını necə yerinə yetirir? «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı olan filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu bu kimi sualları cavablandırıb.


-Kamil müəllim necə fikirləşirsiniz, Azərbaycanda üstün elmi istiqamətlər hansılardır?


-Son on ildə Azərbaycanda populyarlıq azanmış elm sahələri daha çox siyasətə xidmət edən humanitar elmlərdir. Bununla yanaşı texnika xüsusən, informatika və kompyuter texnologiyası da aparıcı sahələrə çevrilib.


-Akademiya sistemi özünü necə doğruldur?


-Mən bəzi postsovet ölkələrində akademiya sisteminin ləğv edilməsini təqdir edirəm. Bizdə təəssüf ki, belə olmadı. Akademiyada köhnə sovet dövrünün yaşantısı göz qabağındadır. Daha çox iqtidaryönlü adamların müxbir və həqiqi üzv seçilməsi bunu sübut edir. Hərçənd ki Ağamusa Axundov, Vasim Məmmədəliyev kimi şəxslər istisna təşkil edir.


Mən bütövlükdə akademiya sisteminin köhnəldiyini, ciddi islahatlara ehtiyac duyduğunu yaxşı başa düşənlərdən biriyəm. Bu sahədə islahatlar aparmaq ona görə çətindir ki, Azərbaycan cəmiyyətinin rəhbərliyi buna hazır deyil. İslahatlar zamanı elmi işçilərin sosial təminatı, elmin ali məktəblərlə əlaqəsi, eləcə də müxtəlif institutların sənaye sahələri ilə bağlılığı məsələləri həll olunmalıdır. Necə deyərlər, akademiya bir addım həyata, həyat da bir addım akademiyaya yaxınlaşmalıdır. Bizim Akademiya isə «Qulliverin səyahəti»ndəki akademiyaya oxşayır. Yəni bu qurum Qərb ölkələrindəki kimi nə fəxri, nə də işgüzar xarakter daşıyır.


Fundamental elm sahələrində az-çox tanımış alimlər xaricdə işləməyə üstünlük verirlər. Bu beyin axını Azərbaycanda elmə yaradılan şəraitin əlverişli olmadığının göstəricisidir.


-Müxbir və həqiqi üzv arasında hansı fərqlər var?


-Tutaq ki, Nizami Cəfərov MEA-nın müxbir üzvüdür. Amma, mən onu elə akademik hesab edirəm. Bu baxımdan müxbir üzvlə həqiqi üzv arasında fərq heç də böyük deyil. Fərq yalnız sosial statusda və maaşda ola bilər.


Bir məqamı da xatırladım ki, bu seçkilərdə Naxçıvana 5 yer verilməsi oranın potensialına uyğun deyil. Naxçıvan bizim dilbər guşəmizdir, ölkənin ayrılmaz tərkib hissəsidir. Amma Azərbaycan elmini regionlara bölmək düzgün deyil. Gərək onda Gəncəyə də, Lənkərana da, Şirvana da yer ayrıla.


-Kamil müəllim belə bir sual: məşhur Nyuton sağ olsaydı, Azərbaycan Akademiyasına üzv seçilə bilərdimi?


-Qətiyyən seçilə bilməzdi. Çünki, böyük elm adamları istər Nyuton olsun, istər Eynşteyn, istər Mirzə Kazım bəy heç biri seçilə bilməzdi. Elmin siyasiləşdiyi, mənimki-səninki, bizimki-sizinki prinsipi ilə bölgü aparılan yerdə böyük alimlər ola bilməz.