Cənubi Qafqazda medianın ən pis vəziyyəti Azərbaycandadır

Hər üç Cənubi Qafqaz ölkəsində qəzetlərin tirajları aşağı, jurnalistlərin peşəkarlığı isə zəifdir

Cənubi Qafqazda medianın vəziyyətinin ən yaxşı olduğu ölkə Gürcüstandır, ən pis isə Azərbaycan. Ermənistan ikinci yerdədir. Bunu «Freedom House» Beynəlxalq insan haqları təşkilatı deyir.


Gürcüstandan olan media üzrə ekspert Zviad Karidze bildirir ki, inqilabdan sonra Gürcüstanda jurnalistikanın vəziyyəti düzəlib, amma arzuolunan, demokratik mediaya çatmağa hələ çox var.


Karidze deyir ki, indi Gürcüstanda jurnalistlərin əsas problemi redaksiya müstəqilliyinin olmamasıdır. Düzdür, hakimiyyət mediaya birbaşa təsir etmir, amma Gürcüstanda media biznesi ilə məşğul olanlar həm də biznesin başqa sahələri ilə məşğuldurlar. Buna görə də onlar məcburdurlar ki, bu maraqlar naminə məmurlarla sövdələşməyə getsinlər. «Necə deyərlər əl əli yuyur, əl də qayıdıb üzü. Sahibkar məmurun sifarişi ilə redaksiyanın işinə qarışır, media müstəqilliyini itirir». Amma Gürcüstanda jurnalisti Azərbaycanda olduğu kimi şərəf və ləyaqətin təhqiri, ya da böhtan ittihamıyla həbsə atmaq olmaz. Gürcüstanda jurnalisti məhkəməyə vermək elə də asan məsələ deyil. Xüsusilə də məmurlar üçün: «O, sübut eləməlidir ki, jurnalistin günahı nədədir, daha doğrusu, jurnalistin günahkar olduğunu sübut etməyin məsuliyyəti məmurun üzərindədir».


Ermənistanda da jurnalisti məhkəməyə vermək asan deyil. «Azadlıq» radiosunun erməni xidmətinin direktoru Harri Tamrazyan deyir ki, çox vaxt məhkəməni məmurlar yox, jurnalistlər udurlar. Qarşıdan parlament seçkiləri gəlir deyə hakimiyyət mətbuata açıq təzyiqlərdən çəkinir. Məsələn, hansısa qəzetdən gözü su içmirsə, onun reklam mənbələrini məhdudlaşdırır və ya çapına qadağa qoyur.


Erməni jurnalistlərin birinci problemi isə, Tamrazyanın fikrincə, özünüsenzuradır. Jurnalist bilir ki, problemin dərininə getsə, onun üçün yaxşı olmayacaq.


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Azərbaycanda jurnalistlərin birinci problemi iqtisadi asılılıqdır. Bu da onlara müstəqil olmağa imkan vermir. Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanda jurnalistləri yazdıqlarına görə həbs edirlər, döyürlər, hədələyirlər və s. Jurnalist Elmar Hüseynovun qətlini törədənləri və qətlin sifarişçilərini isə hələ tapmayıblar.


Hər üç Cənubi Qafqaz ölkəsi üçün ümumi cəhətlər də var. Belə ki, hər üç ölkədə qəzetlərin tirajları aşağıdır və peşəkarlıq zəifdir.