Türk musiqisinə görə güllələnmə

Türk musiqisi səsləndirdiyinə görə İran polisi sürücüyə atəş açıb

Təbriz polisi avtomobildə musiqi səsləndirdiklərinə görə iki gəncə maşını saxlamağı əmr edib. Onların bu əmrə tabe olmadığını gördükdə isə atəş açıb və hər iki gənc yaralanıb. Mayın 1-də baş verən bu hadisənin xəbəri və foto şəkilləri İrandan xaricdə fəaliyyət göstərən İnternet xəbər səhifələrində geniş yayılıb.


Son xəbərlərə əsasən güllə yarası alan 19 yaşlı Armin İbrahimnejad və 20 yaşlı Bəhmən Abbaszadə hazırda Təbriz xəstəxanalarından birinin reanimasiya şöbəsində müalicə olunurlar. Hər iki gəncin səhhətinin ağır olduğu bildirilir.


Bu qanlı hadisənin foto-şəkillərini yayan «Baybək» saytı polisin belə bir radikal addıma əl atmasının səbəbini sürücünün əmrə tabe olmamasından çox avtomobildə türk musiqisinin səsləndirilməsi ilə əlaqələndirir.


İranda «pis-hicablıqla mübarizə» məqsədi ilə həyata keçirilən tədbirlərin gücləndirilməsi və şəriət qanunlarının kəskin şəkildə tətbiq edilməsi nəticəsində Təbrizin bazar və küçələrinə xüsusi polis nəzarəti gücləndirilib.


İranda teokratik dövlət yarandıqdan sonra estrada musiqisi yasaq edilsə də, prezident Xatəmi dövründə bu qanunlar yüngülləşdirilmişdi. Lakin prezident Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra paytaxt Tehranda nisbətən sərbəstlik mövcud olsa da başqa şəhərlərdə nəzarət gücləndirilib.