Mayın 17-də İslamabadda İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 34-cü sessiyası başa çatıb. Bu barədə «Novosti-Azerbaydjan» agentliyinə Azərbaycanın Pakistandakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Sabir Rzayev məlumat verib.
Diplomatın sözlərinə görə, sessiyada Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu göstərən 4 sənəd qəbul olunub.
Xarici İşlər Nazirləri Şurasının İslamabad bəyannaməsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları Azərbaycan ərazilərini dərhal azad etməsi vurğulanır.
Sessiya mayın 15-də başlamışdı. Azərbaycanı tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti təmsil edirdi.