Vaşinqtonda yerləşən Pyu Araşdırmalar Mərkəzinin apardığı tədqiqatların nəticəsi göstərib ki, Avropada yaşayan müsəlmanlardan fərqli olaraq Amerikada yaşayan müsəlmanlar cəmiyyətə daha çox uyğunlaşırlar və islam ekstremizmini rədd edirlər. Onların məvacibləri də digər amerikalılarla demək olar ki, eynidir.
Araşdırma göstərib ki, Amerika müsəlmanlarının 78 %-i islamın müdafiəsi üçün həyatı qurban verərək terror törətməyin qəti əleyhinədirlər. Onların 5 %-i islamın müdafiəsi üçün çox az halda, 7 %-i bəzən, 1 %-i isə tez-tez terror törətməyin mümkün olduğunu qeyd ediblər. Qalan 9 % isə bu suala ya cavab verməyib, ya da «bilmirəm» deyə cavablandırıblar.
Amerika müsəlmanlarından fərqli olaraq isə Fransa, İspaniya və Britaniyada yaşayan müsəlmanların iki dəfədən çoxu qeyd edib ki, bəzi hallarda ölümə gedərək terror törətmək mümkündür.
Amerikada yaşayan müsəlmanların əksəriyyəti yaşadıqları cəmiyyəti gözəl hesab edir və dostlarının çoxunun da qeyr-müsəlmanlar olduqlarını deyirlər. Hətta yerli amerikalılarla müqayisədə müsəlmanlar Birləşmiş Ştatlar dövlətindən daha çox razıdırlar.
Araşdırma onu da göstərib ki, Amerika müsəlmanlarının çoxu yeni gələnlər olsa da, onlar cəmiyyətə uyğunlaşıblar. Onların fikrincə, dindar müsəlmanın müasir cəmiyyətdə yaşamasında heç bir problem yoxdur.
Rəyi soruşulanların yarısı 11 sentyabr hadisələrindən sonra ABŞ-da müsəlman olmağın çətinləşdiyini etiraf ediblər. Əksəriyyət fikirləşir ki, hakimiyyət müsəlmanları nəzarətdə saxlayır. Respondentlərin dörddə biri isə hesab edir ki, 11 sentyabr terrorunu ərəb qruplaşmaları törətməyiblər.
Mühafizəkar olmalarına baxmayaraq müsəlmanların əksəriyyəti Demokratlar partiyasını dəstəkləyir.
Araşdırmada iştirak edən müsəlman məsləhətçi Fərid Senzay deyib ki, sorğunun nəticələri Qərbi Avropada yaşayan müsəlmanların dediklərindən tamamilə fərqlənir. Qərbi Avropada müsəlmanlar cəmiyyətə qarışmırlar və iqtisadi imkanları aşağıdır. Amerika müsəlmanlarının isə demək olar ki, yarısı universiteti bitirib və onların gəlirləri Amerika normalarına uyğundur.
Pyu Araşdırmalar Mərkəzinin rəhbəri Andrey Kohut bildirib ki, tədqiqatın nəticələrinə görə, daha çox Afrika əsilli müsəlmanlar arasında ekstremizmə rəğbət var. Afrika əsilli müsəlman amerikalılar ABŞ da yaşayan müsəlmanların 20 %-i təşkil edir. Onların yalnız 13 %-i ölkədəki vəziyyətdən razıdırlar.
Andrey Kohutun dediyinə görə müsəlman mühacirlərdən fərqli olaraq Afrika əsilli müsəlmanlar «Əl-Qaida»ya dəstək verməyə daha çox meyllidirlər. Onların 9 %-i Üsamə bin Ladenin terrorçu təşkilatının fəaliyyətindən razı qaldıqlarını, 36 % isə narazı olduğunu bildirib.
Amerikada yaşayan 30 yaşına qədər olan müsəlmanlar dinə daha çox bağlıdırlar və ölümə gedərək terror törətməyə daha çox rəğbət bəsləyirlər. Onlar özlərini ilk növbədə müsəlman, daha sonra amerikan kimi təqdim edirlər.
Dörd dildə-ingilis, ərəb, urdu və fars dillərində həyata keçirilən araşdırmaya 1 milyon dollar sərf edilib, suallara 1050 müsəlman cavab verib.