«Sərhədsiz reportyorlar» Ramiz Mehdiyevin bəyanatından narahatdır

Təşkilat xatırladır ki, son həftə ərzində Azərbaycanda «Müxalifət» qəzetinin iki əməkdaşı həbs edilib

«Turan»ın məlumatına görə, «Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığının müdafiəsi təşkilatı Azərbaycanda bütün demokratik azadlıqlara əməl edilməsi haqqında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin bəyanatından həddindən artıq narahat olduğunu bildirib: «Mətbuatın basqılara məruz qalması faktlarının gündəlik qeydə alındığı bir zamanda, bu cür yüksək səlahiyyətli dövlət məmurunun açıq şəkildə belə bəyanatlar verməsi sadəcə ağlasığmazdır».


Təşkilat bəyan edir ki, digər yüksək səlahiyyətli dövlət məmuru Əli Həsənov isə bildirib ki, ölkədə «KİV və ifadə azadlığı təmin edilib və bəzi QHT-lərin Azərbaycanda mətbuata təzyiqlərin göstərilməsi haqqında fikirləri sadəcə, sözlərdir». Həsənov həmçinin deyib ki, bir qədər öncə həbs edilmiş bəzi jurnalistlər bəraət alıb, Azərbaycan hakimiyyətinə qarşı artan beynəlxalq tənqid isə əsassızdır.


«Sərhədsiz reportyorlar» xatırladır ki, son həftə ərzində Azərbaycanda «Müxalifət» qəzetinin iki əməkdaşı həbs edilib, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydcan» qəzetləri bağlanıb, bu nəşrlərin məhkum edilmiş redaktoru Eynulla Fətullayevə qarşı isə yeni terrorizm ittihamı irəli sürülüb.


Mayın 23-də Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib ki, jurnalistlərə qarşı son məhkəmə prosesləri heç də söz azadlığına təzyiq kimi qiymətləndirilməməlidir: «Bu məsələlər siyasiləşdirilir. Azərbaycanda mətbuata təzyiqlər yoxdur. Amma bəzi qəzetlərin rəhbərləri və jurnalistləri qanunları pozaraq, insanları təhqir edirlər. Buna görə də, onlara qarşı qanun tətbiq olunur. Biz istəyirik ki, bizim mətbuat sivil ölkələrin mətbuatı səviyyəsində olsun. Söyüş, təhqir mənbəyi olmasın. Biz bunlardan qurtarmalıyıq».