«Bakı Xəbər» qeyri-müəyyən müddətə fəaliyyətini dayandırır

Baş redaktor qəzetin fəaliyyətini dayandırmasının yalnız maliyyə problemlərilə bağlı olmadığını deyir

«Bakı Xəbər» qəzeti artıq son sayını hazırlayır və qeyri-müəyyən müddətə fəaliyyətini dayandırır. Qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, məsələ qəzetin kollektivinin mayın 30-da keçirilən iclasında müzakirə edilib və nəticədə qəzetin fəaliyyətini dayandırması qərara alınıb.


Baş redaktor «Turan»a qəzetin fəaliyyətini dayandırmasının yalnız maliyyə problemlərilə bağlı olmadığını və bu məsələdə hakimiyyətin də rolu olduğunu deyib. «Bu, müxalifət qəzetlərinə qarşı məhkəmələr vasitəsilə qəbul edilən əsassız maliyyə sanksiyaları, təzyiqlər, zorakılıqlar şəklində ortaya çıxan rəsmi siyasətin nəticəsidir və müxalifət qəzetlərini sıradan çıxarmaq məqsədi daşıyır».


«Bakı Xəbər» qəzeti 2003-cü ilin sentyabrında təsis edilib, təsis edildiyi vaxtdan da gündəlik qəzet kimi nəşrə başlayıb.