Sabiq nazirin məhkəmə istintaqı başladı

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qaldırdığı vəsatətlər təmin edilməyib

Mayın 30-da sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev və daha 17 nəfərin məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını oxuyur.


Sabiq nazirin qaldırdığı vəsatətlər təmin edilməyib. Hakim Tofiq Paşayev deyib ki, vəkillərin qaldırdığı digər vəsatətlər isə kifayət qədər əsaslandırılmayıb. Vəkillərin vəsatətləri əlavə video çəkilişin aparılması, cinayət şində olan sənədlərin surətlərinin onlara təqdim edilməsi, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, Qiymətli Kağızlar üzrə, həmçinin Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət komitələrinin rəsmilərinin məhkəmədə ifadə verməsi ilə bağlı olub.


Fərhad Əliyevin faksimelinin (əl imzası həkk olunmuş möhür) nüsxəsinin çıxarılıb və bir sıra sənədlər ondan xəbərsiz imza atılması ilə bağlı məsələyə aydınlıq gətiriləcəyi bildirilib. Sabiq nazir faksimelin ləğvini və həmin sənədlərin məhkəməyə təqdim edilməsini istəyirdi.


İş üzrə təqsirləndirilən Əliyev qardaşlarından başqa İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.