İranda azərbaycanlı fəal edam təhlükəsiylə üz-üzədir

Xatibinin dayısı oğlu İrəc Naci də təkadamlıq kamerada saxlanır

İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Hüseyn Xatibi edam təhlükəsiylə üz-üzədi. Bu haqda «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı xəbərdarlıq edib. Təşkilat deyir ki, onlarda olan məlumatlara görə, Xatibiyə artıq həbsxanada işgəncələr verilib.

Xatibi Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindəndi. İranın İnqilab Məhkəməsi onu ölüm hökmünə məhkum edib, deyib ki, o, Türkiyəyə casusluq edib. Amma konkret ittihamların nədən ibarət olduğu bilinmir.


Xatibi 9 ay Təhlükəsizlik Nazirliyinin Urmiyədəki təcridxanasında saxlanıb, məlumatlara görə, döyülüb, qabırğaları sındırılıb.


Martda Xatibinin anasına deyiblər ki, oğlu edam edilib, gəlib meyitini apara bilər. Amma anası gələndə həbsxana nəzarətçiləri ona deyiblər ki, edam-filan olmayıb. Anası bu yaxında yenə həbsxana gedib, amma ona oğluyla görüş verməyiblər, indi anası şübhələnir ki, oğluna işgəncə verirlər.


Xatibinin həyat yoldaşı Türkiyə vətəndaşıdı, Türkiyənin şərqində yaşayır, deyir ki, əri haqqında heç bir məlumat əldə edə bilmir.


Xatibinin dayısı oğlu İrəc Naci də keçən ildən bəri təkadamlıq kamerada saxlanır. Naciyə deyiblər ki, onu ittiham edirlər ki, Türkiyənin adından fəaliyyət göstərib, Xoy camaatını nümayişə çağırıb. Söhbət keçən ilin mayında rəsmi İran qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc ediləndən sonra keçirilən kütləvi aksiyalardan gedir. «Amnesty International» narahatdı ki, Naciyə də işgəncə verilməsi təhlükəsi var.